DÇ-2026: İrqçilik halları ilə bağlı yeni protokol tətbiq olunacaq

Futbol üzrə 2026-cı il dünya çempionatında irqçilik halları ilə mübarizə məqsədilə tam yeni və sərt bir protokol tətbiq olunacaq.

Newsport.az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Henri Vinter məlumat yayıb.

Bildirilir ki, futbolçular meydanda və ya tribunada irqçi təhqirlərlə üzləşəcəkləri təqdirdə, qollarını çarpazlaşdıraraq "X" işarəsi nümayiş etdirməlidirlər. Bu xüsusi jest baş hakimi baş verən hadisə barədə dərhal xəbərdar etmək məqsədi daşıyır.

İşarəni görən referi FİFA-nın yeni üçmərhələli protokolunu işə salmaq hüququna malik olacaq. Həmin protokola əsasən reallaşacaq addımlar aşağıdakı kimidir:

I mərhələ: Oyun dərhal dayandırılır və stadion diktoru vasitəsilə azarkeşlərə sərt xəbərdarlıq elan edilir.

II mərhələ: İrqçi davranışlar davam edərsə, hakim matçı 15 dəqiqəlik dayandıraraq komandaları paltardəyişmə otağına göndərir.

III mərhələ: Problem yenə də aradan qalxmasa, görüş hakim tərəfindən tamamilə ləğv edilir.

Qeyd edək ki, tarixin ən genişmiqyaslı turnirlərindən olacaq 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right