“Barselona” “Çelsi”nin hücumçusu Joao Pedronun transferi üçün çalışmalarını sürətləndirib.
Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku danışıqları irəlilətmək məqsədilə dünən Londona yollanıb.
Klub rəhbərliyi 24 yaşlı forvardı Robert Levandovskinin mümkün əvəzləyicilərindən biri kimi görür. “Barselona”nın transfer siyahısında “Atletiko”nun hücumçusu Xulian Alvares və “Bayern”in forvardı Harri Keyn də yer alıb.
Bu, Dekunun Pedro ilə bağlı İngiltərəyə ilk səfəri deyil. O, daha əvvəl “Uembli”də keçirilən İngiltərə kubokunun “Çelsi” – “Mançester Siti” finalını (0:1) izləyib və həmin vaxt futbolçunun agenti ilə görüşüb.
Kataloniya təmsilçisində hesab edirlər ki, braziliyalı forvardın transferi Alvareslə müqayisədə daha sərfəli başa gələ bilər. Klubun hesablamalarına görə, Premyer Liqada 35 matçda 15 qol vuran oyunçunun keçidi 70 milyon avrodan bir qədər artıq məbləğə olmalıdır.
“Çelsi” isə hazırda Pedronu satmaq niyyətində deyil.