Vaxtıilə "Qarabağ”da çalışmış Səbahəttin Təkin Türkiyə Superliqasında çıxış edən "Mersin İdmanyurdu”nda köməkçi-məşqçi funksiyasını yerinə yetitirir.
Newsport.az-ın məlumatına görə, o, bu klubda Türkiyə futbolunun canlı əfsanəsi Bülənt Qorxmazın köməkçisi funksiyasını yerinə yetirir. Bu isə o anlama gəlir ki, hər iki məşqçinin Azərbaycana bağlılığı var. Təkin vaxtıilə "Qarabağ”da çalışıbsa, Bülənt Qorxmaz "Bakı”nın baş məşqçisi olub.
Bizdə olan məlumata görə, hər iki məşqçi Azərbaycan Premyer Liqasını diqqətdə saxlayırlar. Əldə etdiyimiz məlumata görə, Səbahəttin Təkin Azərbaycan Çempionatında fasilə yarananadək Bakıya gələcək. Səfərin məqsədi isə diqqət mərkəzində olan futbolçuları canlı izləməkdir.
Məsələni dəqiqləşdirmək üçün əlaqə saxladığımız Səbahəttin Təkin də bunları inkar etmədi: "Mən Bülənt Qorxmazla birgə Azərbaycan Premyer Liqasını izləyirəm. Bilirik ki, Azərbaycanda istedadlı futbolçuların sayı çoxdur. Onları internet üzərindən işləyirik. Planımızda var ki, həmin futbolçulara canlı olaraq da baxaq. Ona görə də, fasiləyə qədər Azərbaycana gəlmək planımız var.”