Türkiyənin Suriya ilə sərhəddə Rusiyanın qırıcı təyyarəsini vurması iki ölkə arasında münasibətləri kəskinləşdirib.
Newsport.az-ın məlumatına görə, artıq Rusiyada Türkiyə vətəndaşlarına qarşı təzyiqlər başlayıb.
Rusiya prezident Vladimir Putin 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşlarının bu ölkədə işə götürülməsini qadağan edən fərman imzalayıb. Putinin bu fərmanı idmana da sirayət edib. Rusiyanın idman naziri, eyni zamanda ölkə Futbol İttifaqının prezidenti Vitali Mutko bildirib ki, 2016-cı ilin yanvarın 1-dən Türkiyədən Rusiyaya futbolçu transferinə qadağa qoyulacaq.
Bütün bunların fonunda Kazanın "Rubin” klubunda çıxış edən Gökdəniz Karadənizin də komandadan ayrılacağı şayiələri yayılıb. Onsuz da bu yaxınlarda Karadənizin "Rubin”in rusiyalı futbolçusu Maksim Zestokov ilə bu məsələdə söz davası yaşanmışdı. Amma Mutko hazırda "Rubin”lə müqaviləsi olan Gökdənizin Rusiya Premyer Liqasında çıxışında problem olmayacağını açıqlayıb.
Elə "Rubin”in baş direktoru İlgiz Faxriyev də məsələylə bağlı açıqlama verərkən türk futbolçu ilə əməkdaşlığı davam etdirəcəklərini bildirib: "Gökdənizin qüvvədə olan müqaviləsi var. Biz onu pozmağa hazırlaşmırıq. Futbolçu ilə əməkdaşlığı davam etdirəcəyik”.
Qeyd edək ki, 2008-ci ildən "Rubin”də çıxış edən Gökdənizin Kazan klubu ilə 2018-ci ilin 30 iyununa qadər müqaviləsi var.