Çex futbolunun və “Yuve”nin kor ulduzu - “Pavelina”

Son illərdə Çexiya futbolunun yetişdirdiyi ən istedadlı futbolçular biri də Pavel Nedveddir. İtaliyada adından söz etdirən yarımmüdafiəçi, həmişə milli komandada da ön planda olub. Təsadüfi deyil ki, əksər mütəxəssislər bu gün Nedved kimi futbolçunun Çexiya yığmasında yerinin göründüyünü bildirirlər. Öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən olan Nedved, 2003-cü ildə “Qızıl top”a da sahib çıxıb.

Avqustun 30-da onun 42 yaşı tamam oldu. Bu səbəbdən, Nedved haqqında məqaləni oxuculara təqdim edirik.

İLK İLLƏRİ

Pavel 1972-ci il, avqustun 30-da dünyaya göz açıb. Onun uşaqlıq illəri elə doğulduğu Skalna qəsəbəsində keçib. Bu qəsəbənin yerləşdiyi Xeba şəhəri Bavariya ilə sərhəddədir.

Artıq 5 yaşından etibarən Nedved futbolla peşəkar səviyyədə məşğul olmağa başlayıb. İlk olaraq yerli “Tatran” klubunda futbolun sirlərinə yiyələnə gələcəyin ulduzu, 13 yaşında “Ruda Hvezda Cheb” (Xebin “Qırmızı ulduzu” - Ş.) klubuna üz tutub. Amma yerli komandada çox qalmayıb. Artıq 1 ildən sonra istedadı ilə yaşıdlarından seçilən futbolçu, Plzenə yollanıb. Burada “Şkoda”ya üz olduqdan sonra “Dukla”ya keçib. Məhz “Dukla”nın heyətində  Çexiya çempionatında debüt edib. İlk mövsümündə meydana çıxdığı 19 oyunda 3 qol vuran Nedved, 1992-ci ilin yayında Çexiya futbolunun nəhəngi olan “Sparta”ya dəvət olunub.

“SPARTA”

Gənc yarımmüdafiəçi “Sparta”da ilk gündən əsas heyət üzvü olmadı. Komandadakı ilk mövsümündə o, cəmi 18 oyunda iştirak etdi ki, bunlardan da 13-ündə sonradan meydana çıxmışdı. Növbəti mövsümdə vəziyyət bir qədər yaxşılaşdı. Bu dəfə 23 matçda forma geyən Pavel, 3 dəfə də rəqib qapısına yol tapdı.

1994/95 mövsümündə isə qəhrəmanımız artıq Praqa klubunun əsas heyət üzvü idi. Komandasının heyətində 27 oyuna çıxıb, 6 qol vuran Nedved, yekunda ardıcıl üçüncü dəfə ölkə çempionu oldu. Növbəti mövsümdə oyun sayı dəyişməsə də, Nedved qollarının sayını artırmışdı – 14.

Təbii ki, bu uğurlu çıxışın qarşılığında Pavel Avropanın aparıcı klublarının diqqətindən kənarda qala bilməzdi. Bir çoxları onu heyətində görmək istəyirdilər. Xüsusən də PSV canfəşanlıq göstərirdi. Yekunda Nedved “Latsio”ya qismət oldu. Keçidə görə Roma klubu “Sparta”ya 4,5 milyon dollar ödədi. 1996-cı il sentyabrın 7-də çexiyalı futbolçu “A” seriyasında debüt etdi. Onun ilk oyunu “Balonya” ilə matça təsadüf etdi. Mövsüm ərzində qəhrəmanımız 11 dəfə rəqib qapılarına yol tapdı. Komandada ikinci mövsümündə Nedved İtaliyada ilk mükafatına sahib çıxdı. Söhbət İtaliya kubokundan gedir. Onun komandası həlledici matçda “Milan”a qalib gələrək, kuboku başı üzərinə qaldırdı.

Yeni mövsüm öncəsi “Atletiko” çex futbolçunu transfer etmək istəyirdi. Keçidə görə ispanlar yaxşı da pul təklif edirdilər. Lakin Nedved “Latsio”da qalmaq qərarına gəldi.

İtaliya Superkuboku uğrunda matçda Nedvedin vurduğu həlledici qol sayəsində komandası “Yuventus”u 2:1 hesabı ilə məğlub etdi. Amma ümumi götürdükdə mövsüm qəhrəmanımız üçün uğurlu alınmadı. Zədələrdən əziyyət çəkməsinə baxmayaraq, mövsümün sonuna yaxın özünə gələn çex futbolçu, “Latsio”lu azarkeşlərin rəğbətini qazandı. Kuboklar kubokunun tarixindəki sonuncu final matçında həlledici qolu məhz Nedved vurdu. Bu qol sayəsində “Latsio” “Malyorka”nı 2:1 hesabı ilə məğlub edərək, tarixi ərzində ilk dəfə avrokuboklarda qələbə sevinci yaşadı.

Növbəti mövsümə də “Latsio” uğurla başladı. Nedvedin komandası UEFA Superkuboku uğrunda oyunda “Mançester Yunayted”i məğlub etdi. Mövsüm ərzində çex yarımmüdafiəçi 5 dəfə fərqləndi. Amma onun “Balonya”nın qapısına vurduğu qol daha əlamətdar idi. Çünki həmin gün “Latsio” yaranmasının ildönümünü qeyd edirdi. Digər yaddaqalan qolu Nedved “Roma”nın qapısından keçirdi. Bu qələbə sayəsində “Latsio” çempionluq uğrunda mübarizəsini davam etdirdi. Yekunda da “Latsio” Skudettoya sahib çıxdı. Paytaxt klubu “Yuventus”u 9 xal qabaqlayaraq, tarixində ikinci dəfə çempion oldu. Mövsüm yekunlaşdıqdan sonra “Mançester Yunayted” Nedvedlə yaxından maraqlanırdl. Hətta “Qırmızı şeytanlar” çex futbolçuya Romada qazandığından 2 dəfə çox məvacib təklif edirdi. Lakin yenə də Nedved komandasına sadiq qaldı. “Latsio”dakı sonuncu – 2000-01 mövsümündə Nedved 13 dəfə rəqib qapılarına yol tapdı. Çempionat yekunlaşdıqdan sonra isə çex futbolçu “Latsio” ilə vidalaşdı. Ümumilikdə 5 mövsüm ərzində Roma klubunda 207 oyuna çıxan Nedved 51 qol vurdu.

“YUVENTUS”

2001-ci ilin yayında Nedved “Latsio”nu “Yuventus”a dəyişdi. Çex futbolçuya görə Turin klubu qarşı tərəfə 50 milyon dollar ödədi. “Qoca Sinyora” Nedvedə “Real”a keçən Zinəddin Zidanın əvəzləyicisi gözüylə baxırdı.

İlk günlər Nedvedin Turindəki karyerası uğurlu alınmadı. Yeni komandasındakı ilk qolun çex yarımmüdafiəçi yalnız dekabrda vura bildi. O, “Peruca”nın qapısına yol tapdı. Buna kimi Marçello Lippi Nedvedi daha çox sol cinahda sınayırdı. Amma yeni il öncəsi son oyunda Lippi onu mərkəzə keçirdi. Dəyişiklik özünü doğrultdu. “Breşiya” ilə oyunda “azad rəssam” funksiyasını yerinə yetirən Nedved komandasının 4:0 hesablı qələbəsində böyük pay sahibi oldu.

2002-ci ilin yanvarında Nedved özünə xas tərzdə – qüvvətli zərbəylə rəqib qapısına yol tapdı. Növbəti turda “Pyaçentsa” ilə matçda Nedved yenidən bu cür qol vuraraq, komandasına 1:0 hesablı qələbə qazandırdı. Yekunda elə də uğurlu mövsüm keçirməməsinə baxmayaraq, komandasıyla birgə Skudettonu qazandı.

Növbəti mövsümü isə Nedvedin karyerasındakı ən uğurlu mövsüm hesab etmək olar. Turin klubunun liderinə çevrilən Nedved Del Pyero ilə birgə “Yuventus”u zirvəyə daşıdı, komandasıyla birgə ardıcıl ikinci Skudettonu, eləcə də İtaliya Superkubokunu qazandı. Nedvedin vurduğu mühüm qollar sayəsində Çempionlar Liqasında 1/4 finalda “Barselona”nı, yarımfinalda isə “Real”ı mübarizədən kənarlşadıran “Yuve” finala yüksəldi. Çempionlar Liqasını qazanmağı uşaqlıqdan arzulayan Nedved, “Real”la oyunda aldığı sarə vərəqəyə görə “Milan”a qarşı baş tutacaq final oyununu kənardan izləmək məcburiyyətində qaldı. Oyundan sonra göz yaşlarını saxlaya bilməyən çex futbolçunun yoxluğunda komandası finalda penaltilər seriyasında “Milan”a uduzdu – 2:3. Buna baxmayaraq, Nedved ilin sonunda “Qızıl top”u qazandı. Bununla da o, 40 ildən sonra bu mükafatı alan ilk çex futbolçu kimi tarixə düşdü. Mükafata sahib çıxdıqdan sonra “Delli Alpi”dəki ilk oyunda “Peruca”yla matçda 25 metrdən vurduğu fantastik qolla Nedved “Qızıl top”un sevincini azarkeşlərlə bölüşdü.

Az sonra “Yuventus” Fabio Kapelloya tapşırıldı. Onun rəhbərliyi altında turinlilər ardıcıl 2 Skudetto qazandılar. Məlum hadisələrdən sonra “Yuventus” “B” seriyasına göndərilsə də, Nedved komandasına sadiqlik nümayiş etdirdi. Avropanın bir sıra nəhəng klublarından təklif almasına baxmayaraq, komandada qaldı. “B” seriyasında 33 oyuna çıxan Nedved 11 dəfə rəqib qapılarına yol tapdı. O, artıq komandasına təkcə meydanda vurduğu qollarla yardımçı olmurdu. Həm də paltardəyişmə otağında əsas söz sahiblərindən biri idi.

2007-ci ilin 9 yanvarında Nedved “Atalanta”ya qarşı baş tutan görüşdə 300-cü dəfə Turin klubunun heyətində meydana çıxdı. Yubiley oyununda meydanı qolsuz tərk etməyən çex futbolçu, əvvəlcə çempionatın sonunda karyerasını bitirmək istəyirdi. Lakin “Yuventus” Çempionlar Liqasına vəsiqə əldə etdikdən sonra o, fikrindən daşındı.

2009-cu ilin 26 fevralında “Çelsi”yə qarşı baş tutan oyundan sonra Nedved mövsüm başa çatdıqda futboldan gedəcəyini açıqladı.

Mayın 17-də müxtəlif çempionatlarda Nedved 500-cü oyununa çıxdı. Mayın 31-də “Latsio”ya qarşı keçirilən matçda sonuncu dəfə “Yuventus” formasında meydana çıxdı. Nedvedin gedişi də özünəməxsis alındı. 1 məhsuldar ötürməylə komandasının 2:0 hesabı qələbəsində böyük pay sahibi oldu. Az sonra Nedved karyerasını davam etdirmək istədiyini dilə gətirdi. Dərhal “İnter” çex futbolçuya 2 illik müqavilə təklifi göndərdi. Az sonra Nedved ailəsi ilə məsləhətləşərək bir daha meydana çıxmaq istəmədiyini bəyan etdi.

Nedved gedişini qısaca olaraq belə şərh etdi: “Karyerama boylanarkən məni məyus edə biləcək heç nə görmürəm. Heç nəyə təəssüflənmirəm. Ən pis an kimi isə Çempionlar Liqasının finalından kənarda qalmağı göstərə bilərəm. Əsas olan o idi ki, mən olmasam belə, komanda həlledici qarşılaşmada meydanda idi”.

2010-cu ilin oktyabrından etibarən Nedved Turin klubunda direktorlar şurasında yer alır.

MİLLİ KARYERASI

Nedved Çexiya millisində 1994-cü ilin 5 matçında debüt edib. Onun ilk çıxışı İrlandiya millisinə qarşı oldu. 2 il sonra Nedvedin heyətində yer aldığı Çexiya millisi Avropa çempionatında gümüş medallara sahib çıxdı.

2004-cü ildə çexlər yenidən qitə birinciliyində finala kimi irəlilədilər. Həmin vaxt Nedved komandanın kapitanı idi. Yarımfinalda Yunanıstanla üz-üzə gələn Çexiya millisi, matçın gedişində kapitanını itirdi. Liderin yoxluğunda çexlər əlavə vaxtda gələcək Avropa çempionuna boyun əydilər.

DÇ-2006-dan sonra Nedved millidən getdiyini bəyan etdi. Ümumilikdə, 12 il ərzində o, yığmada 91 oyun keçirib və 18 qol vurub.

ŞƏXSİ HƏYATI

Gözündə problem olan Nedved həmişə meydana linza ilə çıxırdı. O, ciddi və ağır təbiətli insan kimi tanınıb. İvanoyla ailə həyatı quran Pavelin 2 övladı var. İtaliyali azarkeşlər Nedvedə “Pavelina” ləqəbini vermişdilər. Bu isə tərcümədə “at” deməkdir.

UĞURLARI

“Sparta”nın heyətində 3 dəfə (1992/93, 1993/94, 1994/95) Çexiya çempionu olan ulduz futbolçu, 1996-cı ildə də ölkə kubokuna sahib çıxıb.

“Yuventus”la birgə 4 dəfə (2001/02, 2002/03, 2004/05, 2005/06) Skudettonu qazanan Nedved, 2002 və 2003-cü illərdə də ölkə superkubokuna yiyələnib.

“Latsio”da isə ikiqat (1997/98, 1999/00) İtaliya kubokunun, eyni sayda (1998, 2000) İtaliya Superkubokunun qalibi olub, 1 dəfə (1998/99) Kuboklar Kubokunu, 1 dəfə (1999) UEFA Superkubokunu qazanıb.

Çexiya millisi ilə birgə 1996-cı ildə Avropa ikincisi, 2004-cü ildə isə üçüncüsü olan Nedved, fərdi olaraq da 10 mükafata layiq görülüb.

Hazırladı: ŞAHİN - “Het-trik news” qəzeti





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right