İndi sizə təqdim edəcəyimiz futbolçular bir zamanların ən çox istəlinən futbolçularıdır. Onlardan Əla komanda yaratmaq olar.
Qapıçı: Viktor Valdes - Son klubu: “Barselona”
Bütün karyerasını “Barselona”da keçirən Valdesin yeni klub axtarışları davam edir. Təcrübəli qolkiper bəlkə də özünə çoxdan yeni komanda tapmışdı. Amma aldığı zədə hələ ki, bütün qapıları üzünə bağlayır. Kataloniya klubunda keçirdiyi 12 il ərzində Valdes xeyli mükafat qazanıb. Lakin həyatda hər şeyin sonu olduğu kimi, Viktorun da “Barselona”dakı karyerası artıq başa çatıb. O, bir müddət əvvəl “Monako”ya keçməyə yaxın idi. Hətta ilkin müqavilə də imzalanmışdı. Amma tibbi müayinədən gələn cavab anlaşmanın pozulması ilə nəticələndi. Son günlər isə Valdesin adı “Liverpul”la yanaşı çəkilir. Onun hətta artıq “Liverpul”la müqavilə imzaladığını deyənlər də var. Lakin Liverpul təmsilçisi hələ ki ispan qolkiperin keçidini ictimaiyyətə rəsmən təqdim etməyib.
Sağ cinah müdafiəçisi: Antoni Reveyer - Son klubu: “Napoli”
Reveyer “Lion”dakı çıxışı ilə tanınıb. Bu klubun şərəfini qoruduğu 10 il ərzində təcrübəli müdafiəçi 400-ə yaxın oyun keçirib. Bundan başqa, 5 dəfə Fransa çempionu olub. Eləcə də Fransa millisində 20 oyunda meydana çıxıb.
İndiki durum Reveyerə tanışdır. O, ötən il “Lion”dan ayrılarkən də eyni durumla qarşılaşmışdı. Nəhayət, noyabrda fransız müdafiəçi “Napoli” ilə anlaşdı. Amma yazda Neapol təmsilçisinə də lazım olmadı. Görəsən, onun yeni ünvanı hara olacaq?
Mərkəz müdafiəçisi: Jozef Yobo - Son klubu: “Norviç”
Yobonun son klubu “Norviç” olsa da, o, İngiltərə təmsilçisində icarə əsasında çıxış edirdi. Nigeriyalı futbolçunun müqaviləsi “Fənərbaxça”ya məxsus idi. İstanbul klubunda keçirdiyi 4 mövsümdə Yobo, ümumilikdə 82 oyuna çıxıb və 2 qol vurub. Karyerasının ən yaxşı illərini isə “Everton”da keçirib. 229 matçda Liverpul təmsilçisinin şərəfini qoruyan Yobo, DÇ-2014-ün 1/8 finalında Fransa ilə oyunda avtoqol müəllifi oldu. Ardınca isə “Fənərbaxça”dan birdəfəlik ayrıldı.
Mərkəz müdafiəçisi:Dieqo Luqano - Son klubu:“Vest Bromviç”
Yobo kimi Luqano da vaxtı ilə “Fənərbaxça”nın uğurları üçün çalışıb. Elə Yobo kimi, o da DÇ-2014-də çıxış edirdi. Millidə 100-ə yaxın oyun keçirən Luqano, son olaraq “Vest Bromviç”də forma geyib. Amma İngiltərə təmsilçisində vaxtını əsasən ehtiyat oyunçular skamyasında keçirirdi. Yayda Luqanonun İtaliya klublarından birinə keçəcəyi deyilirdi. Amma payız gəlib, o isə hələ də klubsuzdur.
Sol cinah müdafiəçisi: Corc Makkartni - Son klubu: “Vest Hem”
Möhkəm müdafiəçi kimi tanınan şimali irlandiyalı karyerasına “Sanderlend”də başlayıb. Daha sonra “Vest Hem”ə keçsə də, Makkartni az sonra yenidən doğma klubuna qayıdıb. Maraqlıdır ki, “Sanderlend”dən ikinci dəfə gedərkən də yenə “Vest Hem”ə üz tutub. İlyarımlıq “Lids” karyerasının ardından 33 yaşlı futbolçu, üçüncü dəfə də “Vest Hem”ə qayıtmağa imkan tapıb. Bir ara onun Avstraliyaya yollanacağı deyilsə də, Makkartnini yenidən “Sanderlend”də görsəniz, qətiyyən təəccüblənməyin.
Sağ cinah yarımmüdafiəçisi:Cermeyn Pennant - Son klubu: “Stok Siti”
Pennantın istedadına heç kimin şübhəsi yoxdur. Amma 31 yaşlı futbolçu potensialını heç cür tam ortaya qoya bilmədi. 1999-cu ildə böyük ümidlərlə “Arsenal”a transfer olsa da, 6 il ərzində “topçular”ın heyətində cəmi 12 dəfə meydana çıxdı. Qalan müddətdə karyerasını əsasən icarə əsasında digər klublarda keçirirdi. Vaxtı ilə Benitesin rəhbərliyi altında Çempionlar Liqasında final oynayan futbolçu, daha da irəli gedə bilmədi. Bir ara onun yenidən Benitesin rəhbərliyi altında “Napoli”də çıxış edəcəyi deyilsə də, xəbər doğrulmadı.
Dayaq yarımmüdafiəçisi: Alu Diarra - Son klubu: “Vest Hem”
Əslən Malidən olan Diarra 19 yaşında böyük ümidlərlə “Bavariya”ya transfer olunsa da, Münhen klubunun heyətində 1 rəsmi oyun belə keçirmədi. Vaxıtını əsasən “Bavariya”nın ikinci komandasında “yola verən” dayaq yarımmüdafiəçisi, 2002-ci ildə “Liverpul”la anlaşdı. Amma Münhendə olduğu kimi, Liverpulda da Diarra ümidləri doğrultmadı və müqaviləsinin sonuna kimi icarə əsasında digər klublarda çıxış etdi. Daha sonra “Lans”, “Lion”, “Bordo”, “Marsel” kimi klublarda inamlı təsir bağışladı. 2012-ci ildə “Vest Hem”ə keçməklə karyerasın böyük zərbə vurdu. Diarranın fəxr etmək üçün əsası Fransa millisində keçirdiyi 44 oyundur.
Sol cinah yarımmüdafiəçisi: Mettyu Eterinqton - Son klubu: “Stok Siti”
Karyerasına “Piterbro”da başlayıb, “Tottenhem”də parlayan ingilis futbolçu əsasən “Vest Hem” və “Stok Siti”dəki çıxışı ilə tanınıb. 2009-cu ildən “Stok Siti”də 150-dən artıq oyun keçirən Eterinqton son mövsüm zədələrlə üz-üzə qaldı. Məhz bu məqam onun klubdan gedişinə səbəb oldu. Amma hələ də klubsuz qalması anlaşılan deyil. Çünki təcrübəli futbolçu istənilən Premyer Liqa klubuna yardımçı ola biləcək səviyyədədir.
Hücumameylli yarımmüdafiəçisi:Sotiris Ninis - Son klubu: PAOK
Ninis bu siyahıda adı olan ən gənc və gözlənilməz futbolçudur. Çünki yaxın keçmişdə hər kəs Ninisə Yunanıstan futbolunun gələcəyi gözüylə baxırdı. 6 mövsüm “Panatinaikos”da keçirdikdən sonra “Parma”ya yollandı. Amma İtaliya təmsilçisində itib-batdı. Daha sonra icarə əsasında PAOK-a üz tutsa da, orada cəmi 3 oyuna çıxdı. Bu futbolçunu mütləq kimsə bataqlıqdan çıxarmalıdır. Çünki onun böyük potensialı var. Buna şübhəniz olmasın.
Hücumçu: Qonsalo Oliveyra Jonas- Son klubu: “Valensiya”
6 il vətəni Braziliyada çıxış etdikdən sonra Jonas “Valensiya”ya transfer olundu. Onun “Yarasalar”ın heyətindəki çıxışını normal hesab etmək olar. Çünki təcrübəli futbolçu hər mövsüm La liqada minimum 10 qol vururdu. Bu, heç də pis nəticə sayılmamalıdı. Neqredonun “Valensiya”ya transfer olunmasından sonra Jonas komandaya lazım olmadı. Hələ özünə yeni komanda tapmayıb. Onun klubsuz qalacağı inandırıcı deyil. Çünki İngiltərə və Portuqaliyanın aparıcı klubları Qonsalonun xidmətində maraqlıdırlar.
"Het-Trik News" qəzeti - Şahin