"Neftçi" və "Sabah" klubları basketbol çempionatında çıxış edə bilər

"Qeyri-adi bir şey baş verməsə Azərbaycan çempionatına oktyabrda başlamağı planlaşdırırıq".

Newsport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.

O, hazırda "Sabah" və "Neftçi" klublarının çempionatda iştiraka maraqlı olduqlarını bildirib: "İctimaiyyət də başa düşməlidir ki, həm klublar, həm də federasiya üçün bu proses yenidir. Ortaq məxrəcə gəlmək lazımdır. Bir-birindən fərqli komandalardan ibarət çempionat yaratmaq istəmirik. Çempionata ənənəvi komandalar - NTD və "Xırdalan" da qatıla bilər".

Əmrullayev Naxçıvan, Gəncə, Lənkəran və Quba komandalarının da çempionata qatılmasının mümkün olduğunu söyləyib: "Buradakı komandaları çempionata dəvət etmək üçün infrastruktur olmalıdır. Veriləcək qərarlardan sonra komandaların sayı bəlli olacaq. Minumum 6, maksimum 8 komanda ilə Azərbaycan Super Liqasına başlaya bilsək, çox yaxşı olar. Aşağı liqaları da təşkil etmək istəyirik ki, gələcəkdə Superliqada komandaların sayını artıraq".

ABF rəhbəri hazırda federasiyanın maliyyələşməsi ilə bağlı modellər üzərində işlədiklərini diqqətə çatdırıb: "Dayanıqlı maliyyələşmə qurmaq niyyətindəyik. Federasiya olaraq iki maliyyələşmə alətini düşünürük. Bunlardan biri universitetlərlə bağlıdır. Bir çox ölkələrdəki basketbolçular həm tələbə həyatı yaşayır, həm də basketbol oynayır. Buna görə tələbə təqaüdlərindən aktiv şəkildə istifadə etməyi düşünürük. Məncə, universitet komandalarına aşağı və gənc yaşlı basketbolçuları cəlb etməliyik. Bu, universitet üçün də daha yaxşı tanınma və gələcəkdə daha çox tələbə əldə etmək imkanı verir. Bunun maliyyə modellerini hazırda hazırlayırıq. Çempionatın keçirilməsi zamanı sponsorluq, reklam gəlirlərinin federasiya və ya klublar tərəfindən hansı şəkildə toplanılması və paylanılması prosesdurlarını hazırlamağı düşünürük. Məncə, uzunmüddətli vədədə basketbol özünü maliyyələşdirən və kənardan dəstək alan idman növü olmalıdır. Bizim yanaşmamız odur ki, federasiyadan müəyyən klublara maliyyə insentivləri veriləcək. Klubları marağında olmalıdır ki, onlar yüksək liqada qalsınlar və maaşları ödəyə bilsinlər. Tək bununla çətin olacaq, digər maliyyə mənbələrə də baxırıq və araşdırırıq".

Əmrullayev qanuni mərc oyunlarının sponsorluğunun müzakirə olunduğunu sözlərinə əlavə edib: "Amma səmimi danışsam, bu, ilkin mərhələdə müzakirə mövzusu deyil. Çünki biz ilk addımda bunu mərc oyunlarına çevirmək istəmirik. İdman prinsiplərini qorumaq niyyətindəyik. Amma "mümkün deyil" demirəm. Ola bilər. Mənim şəxsi fikrimi soruşursunuzsa, düşünürəm ki, bu mərhələyə də yavaş-yavaş getməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right