“Real” Klublararası Dünya Çempionatı ilə əlaqədar La Liqanın ilk turunun oyununun təxirə salınmasını istəyir.
“Cadena SER”in məlumatına görə, Madrid klubu rəsmi məktub göndərərək “Osasuna” ilə ilk oyununun avqustun 19-dan oktyabrın 29-na təxirə salınmasını xahiş edib. “Osasuna” və İspaniya Futbol Federasiyası ilə danışıqlardan sonra matçın oktyabr ayına təyin edilməsi barədə razılığa gəlindiyi bildirilir. Bununla belə, “Los Blancos” hələ də La Liqanın təsdiqini gözləyir.
Klubdan verilən məlumata görə, qanuna uyğun olaraq futbolçulara 3 həftəlik məzuniyyət (işəgötürənin imzaladığı müqaviləyə əsasən məcburi) düşür. Madridlilər dünya çempionatının yarımfinalına yüksəldiyi üçün bu müddəa yerinə yetirilməyəcək.
Qeyd edək ki, La Liqa dünya çempionatında iştirak edən klubların oyunlarının təxirə salınmasına razı olduğunu bildirmişdi. Buna baxmayaraq, qurum hazırda “Real”a bu güzəştə getməkdən imtina edir.