Azərbaycan pəhləvanını ikinci dəfə udan güləşçi Macarıstan tarixinə düşüb

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev karyerasında ikinci dəfə Macarıstan təmsilçisi İsmail Musukayevə uduzub.

Newsport.az-in məlumatına görə, ilk məğlubiyyət 2020-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilmiş fərdi Dünya Kubokunun yarımfinalına təsadüf edib - 6:7. Həmin vaxt Musukayev 6:1 hesabı ilə öndə olduğu vaxt Əliyev geridönüş edərək, tarazlıq yaradıb, lakin macarıstanlı pəhləvan sonluqda daha 1 xal əldə edərək, qələbəyə nail olub.

Dünya Kubokundan sonra Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılan Azərbaycanın titullu pəhləvanı gümüş medal qazanıb. Macarıstan təmsilçisinin ilk böyük uğuru isə 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında qazandığı bürünc medal olub.

Avropa çempionatında isə final qarşılaşmasına yaxşı başlayan Əliyev Musukayevin passiv güləşməsi səbəbindən ilk xalı qazanıb. Lakin sonradan rəqibi onun ayaqlarını ələ keçirərək, dolama fəndləri ilə hesabı öz xeyrinə dəyişib - 6:1. Ardından rəqibin geyimindən dartdığı üçün azərbaycanlı pəhləvan daha bir xal geri düşüb. Vaxt daraldığı anlarda isə o, badalaq fəndi işlətmək istəyərkən, rəqibi onu kürəyi üstə yerə sərib və nəticədə 12:1 hesablı təmiz qələbə qazanıb.

Bununla da Musukayev Macarıstana 21 ildən sonra sərbəst güləşdə ikinci Avropa çempionluğunu qazandırıb. 2003-cü ildə Latviyanın paytaxtı Riqada 74 kq çəkidə çıxış edən Arpad Ritter qızıl medala sahib çıxıb. Ritter həm də 2002-ci ildə Bakıda keçirilmiş qitə çempionatının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right