Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində mübarizəyə start verib.
Newsport.az-ın məlumatına görə, Məmmədyarov ilk görüşündə yarışın təşkilatçısı Maqnus Karlsenlə qarşılaşıb.
Ağ fiqurlarla oynayan azərbaycanlı şahmatçı 45-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.
Məmmədyarov ilk günü ümumilikdə 4 qarşılaşma ilə başa vurub. İkinci matçda qara fiqurlarla oynayan və polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələn qrossmeyster 71-ci gedişdə məğlubiyyətlə barışıb. “Şah” üçüncü görüşdə niderlandlı Aniş Qirini məğlub edib. Günün son qarşılaşması kanadalı Erik Hansen ilə olub. Bu oyunda tərəflər bərabərliyə razılaşıblar.
Beləliklə, 4 oyundan sonra 7 xal toplayan Şəhriyar Məmmədyarov turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.