İslamiada: Güləşçilərdən son gündə daha 5 medal

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları sona yaxınlaşır.

Newsport.az-ın məlumatına görə, Konya Texniki Universitetində təşkil olunan yarışın 4-cü – sonuncu günündə yunan-Roma güləşində 60, 67, 77, 87 və 130 kq-da, qadın güləşində isə 57 kq-da ölkəmizi təmsil edən idmançılar mübarizə aparıb.

Yunan-Roma güləşi

Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidaxmetov (4:1) və türkiyəli Ayhan Karakuşa (10:7) qalib gələrək finala yüksəlib.Murad həlledici görüşdə qırğızıstanlı dünya ikincisi Jolaman Şarşenbekovla qarşılaşıb və 2:10 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.

Həsrət Cəfərov (67 kq) iranlı Məhəmməd Cavad Rezayi (10:3) və türkmənistanlı Beqmurat Nobatovu (9:1) üstələyərək finala adlayıb.Həsrət son görüşdə qırğızıstanlı Amantur İsmayılova 3:1 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb.

Sənan Süleymanov (77 kq) iranlı Amin Kaviyaninejad (4:0) və tunisli Lamjed Maafi (4:3) üzərində əldə etdiyi qələbələrlə finala vəsiqə qazanıb. Süleymanov həlledici görüşdə qırğızıstanlı Akjol Mahmudovla münasibətləri aydınlaşdırıb. Son Olimpiadanın gümüş medalçısına 2:5 hesabıyla məğlub olan Sənan ikinci yeri tutub.

Məhəmməd Əhmədiyev (87 kq) B qrupunda ilk görüşdə tacikistanlı Bəxtəvər Həsənovu cəmi 26 saniyəyə (8:0) tam üstünlüklə xalçadan məyus yola salsa da, ikinci qarşılaşmada qırğızıstanlı Atabek Azisbekə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Qrup ikincisi kimi yarımfinala yüksələn Əhmədiyev özbəkistanlı Jalqasbay Berdimuratovla bacarmayıb – 0:8. Məhəmməd bürünc medal uğrunda görüşdə qırğızıstanlı Atabek Azisbekova minimal fərqlə (2:3) uduzub.

Sabah Şəriəti (130 kq) B qrupunda özbəkistanlı Mumincan Abdullayev (4:1) və qazaxıstanlı Anton Savenkoya (5:1) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Şəriəti finalın bir addımlığında türkiyəli Osman Yıldırıma 1:3 hesabıyla uduzub. Sabah bürünc medal uğrunda yenidən Savenkoyla güləşib və 5:0 hesablı qələbəyə fəxri kürsünün 3-cü piləsinə qalxıb.

Qadın güləşi

Jalə Əliyeva A qrupunda özbəkistanlı Layloxon Sabirova (tuşe) və qazaxıstanlı Laura Almaganbetovaya (9:2) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Əliyeva yarımfinalda türkiyəli Elvira Kamaloğlu üzərində əldə etdiyi 9:6 hesablı qələbəylə adını finala yazdırıb. Jalə finalda nigeriyalı Ester Kolavoleni 14:6 hesabıyla məğlub edərək qızıl medal qazanıb.

Beləliklə, güləş yarışlarının sonuncu günündə təmsilçilərimiz ölkəmizin hesabına 2 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right