Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin oyunlarına fevralın 1-də start veriləcək.
Newsport.az-ın məlumatına görə, ölkə çempionatının IV turu Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Günün ilk matçında – saat 16:00-da “Murov”la “Azərreyl” üz-üzə gələcəklər. Bu qarşılaşmanın ardından UNEC – “Abşeron” oyunu start götürəcək.
I dövrədən sonra “Abşeron” 9, “Azərreyl” 6, UNEC 2, “Murov” isə 1 xala malikdir.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında da növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib. I dövrənin qarşılaşmaları fevralın 2-də və 5-də təşkil olunacaq.
İlk oyun günündə IV turun MOİK – “Sərhədçi” (15:00), ardınca isə “Murov” – “Neftçi” (17:00) matçı keçiriləcək.
Fevralın 5-də III turdan təxirə salınmış "Sərhədçi” – “Murov” görüşü olacaq. Oyunun start fiti saat 15:00-da çalınacaq. Qarşılaşma “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.