"Finalda dönüş yaratmağa tam ciddi çəkildə hazır idim. Ancaq yəqin ki, taktiki səhv etdim. Kiçik səhvim oldu ki, rəqibin ayağımdan tutmasına imkan yaratdım. Bu, mübarizənin taleyini həll etdi".
Newsport.az-ın məlumatına görə, bu fikirləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Rio-de-Janeyrodan Vətənə qayıdan sərbəst güləş üzrə gümüş mükafatçısı Xetaq Qazyumov bildirib.
O, olimpiadanın gümüş mükafatçısı olmasını özü üçün uğursuz nəticə saydığını söyləyib:
"Rio-2016"ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdım. Bildiyiniz kimi, bundan öncəki 2 olimpiadada bürünc medalçı olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır, güləşdir".
Qazyumov gələcək karyerası, yenidən olimpiadada çıxış etməsinin mümkünlüyü ilə bağlı bunları bildirib:
"İstirahət edib yaxşı düşünməyim lazımdır. Bu qərar tez-bazar, asanlıqla verilmir. İdmanda uzun yol keçən karyeram olub. Bir sözlə deyə bilmərəm ki, artıq indidən qərarımı vermişəm. Yaxşıca fikirləşəcəyəm, ölçüb-biçəcəyəm. Bundan sonra yekun qərarımı açıqlayacağam".