Zaur Axundov: "Avropa çempionatında layiqincə çıxış edəcəyik"

"Komandamız Niderlandda keçiriləcək yarışa hazırdır".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov millinin qatılacağı Avropa çempionatı barədə danışarkən deyib.

49 yaşlı funksioner daha əvvəl də yığma ilə görüşdüyünü xatırladıb: "Bu gün də görüş gerçəkləşib. Məşqçilər korpusu gündəlik olaraq hazırlıq prosesi haqqında bizə məlumatlar verir. Demək olar ki, komanda Avropa çempionatına 90 faiz hazırdır. Məşqçilər korpusunun dediyinə əsasən, az işlər qalıb. Bu da taktiki məsələrdir və qarşıdakı həftə ərzində bitirəcəklər. Sevindirici haldır ki, heç bir oyunçuda zədə yoxdur".

Axundov qitə birinciliyindəki hədəfləri barədə də danışıb: "Tək baş məşqçi ilə yox, bütün oyunçularla danışmışıq. Hər Avropa çempionatında olduğu kimi, burada da ilk hədəfimiz birinci oyunda qələbə qazanmaq və ardınca qrupdan növbəti mərhələyə adlamaqdır. Ondan sonra hər şey püşkatmadan asılı olacaq. Bu isə sonranın işidir. Ən asası, ilk görüşdə debütant Gürcüstan millisinə qarşı uğurla çıxış etməkdir".

AFF prezidenti futzalda zəif komandanın olmadığını sözlərinə əlavə edib: "Hansısa milli komanda Avropa çempionatının final mərhələsində çıxış edirsə, deməli, buna layiqdir və güclü komandadır. Amma futzalın da öz qaydaları var. Birinci oyun həmişə çətin və ağır olur. Komanda futzal oynamağa ilk oyunun ikinci hissəsində başlayır. Bu səbəbdən, əsas məsələ komandanı ilk görüşə köklənməkdir. Çempionatdan öncə də kollektivlə görüşümüz olacaq. Layiqincə çıxış edəcəklərinə ümid edirəm. Biz 6-cı dəfə bu yarışda iştirak edəcəyik. Əsas hədəf hazırda ilk matça köklənməkdir. Qrupdakı komanda sayının önəmi yoxdur. Birinci qarşılaşmadan sonra komandanın hansı səviyyədə olduğu bilinir".

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right