Azərbaycan millisinin qapıçısı: "Ukrayna ilə oyunlarda hesab önəmli olmayacaq"

"Dünən ilk məşqimizi etdik. Hazırlığı hələ tam heyətlə həyata keçirə bilmirik. Ölkə xaricində çıxış edən futzalçılarımız sabah komandaya qoşulacaqlar".

Newsport.az-ın məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Ukrayna yığması ilə yoldaşlıq oyunları barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, həm təlim-məşq toplanışı, həm də sınaq matçları Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi daşıyır: "Ukrayna ilə iki matçda üz-üzə gələcəyik. Hazırkı heyətimizlə bağlı sevindirici məqam iki gənc futzalçının bizə qoşulmasıdır. Söhbət Nurlan Mehdizadə və U-19-un üzvü Xəzər Ağalızadədən gedir. Hər ikisi perspektivli gənclərdir".

Qolkiper ilk məşqin intensiv keçdiyini söyləyib: "Fiziki hazırlığa daha çox yer verildi. Ukrayna ilə oyunlarda hesab önəmli olmayacaq. Vacib olan zəif tərəflərimizi təsbit etmək, “axsadığımız” cəhətləri rəsmi oyunlara qədər aradan qaldırmaqdır. Yeri gəlmişkən, Ukrayna millisinin heyətində bizə tanış simalar da var. Oktyabrda Çempionlar Liqasının əsas mərhələsində “Uraqan”la qarşılaşdıq ki, bu komandanın 3 üzvü hazırda ölkəsinin millisinin heyətinə cəlb olunub. Rəqibimiz güclü komandadır, Avropa çempionatının final mərhələsinin daimi üzvlərindəndir".

Final mərhələsinin qrup oyunlarında qarşılaşacaqları rəqiblərin məlum olduğunu xatırladan Hüseynli şansları dəyərləndirib: "İspaniya dəfələrlə Avropa, dünya çempionu olub. Bu komandanın gücü, heyəti hər kəsə məlumdur. Gürcüstan və Bosniya və Herseqovina haqqında da məlumat öyrənirik. Təcrübə baxımından biz onlardan bir addım öndəyik. Çünki bu iki komanda AÇ-nin final mərhələsində debüt edəcək. Gürcüstan Fransa kimi final mərhələsində oynamağa iddialı bir komandanı qrupda saxlayaraq vəsiqə qazanmağı bacardı. Bosniya və Herseqovina isə təcrübəli Serbiyanı üstələyib. Bu komanda ilə bir neçə il əvvəl Bakıda üz-üzə gəlmişdik və qələbə qazanmışdıq. Bu ümumi dəyərləndirmə idi. Qarşıda 1 aydan artıq vaxt var və bu müddətdə - həm zədə baxımından, həm də dünyanı ağuşuna alan koronavirusla bağlı çöx şey dəyişə bilər. Hazırlıq müddətində diqqətli olmalıyıq".

Qeyd edək ki, Azərbaycan və Ukrayna yığmaları arasında yoldaşlıq matçları 18 -19 dekabrda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right