Alesio Da Silva: Missiyamı hələ başa vurmamışam

AFFA İcraiyyə Komitəsinin qərarı ilə futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva ilə müqavilə bir il uzadılıb. Newsport.az xəbər verir ki, braziliyalı mütəxəssis gələn il mayın sonuna qədər millinin “sükanı arxası”nda olacaq. Hazırda vətənində istirahət edən baş məşqçi qərarla bağlı federasiyanın saytına açıqlama verib:

“Müqavilənin daha 1 il müddətinə uzadılmasından şad oldum. Həm futzal federasiyasının rəhbərliyinə, həm də AFFA İcraiyyə Komitəsinin üzvlərinə etimada görə təşəkkür edirəm. Azərbaycan millisində işləmək mənim üçün xoşdur. Missiyamı hələ başa vurmamışam. Görüləsi çox işimiz var. Pandemiya ilə əlaqədar zalların fəaliyyətinə icazə verilmədiyinə görə, ölkə çempionatı keçirilmədi. Buna rəğmən, milli komanda ilə uğur qazandıq, növbəti dəfə  Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etdik”.

Çalışdırıcı bildirib ki,  komandamızı qarşıda daha çətin sınaq gözləyir: “Yanvarda başlayacaq bu yarışa yaxşı hazırlaşmalıyıq. Mümkün qədər yoldaşlıq oyunları keçirməli, daxili çempionatı bərpa etməli, gücləndirməliyik. Planlarla bağlı federasiya prezidenti ilə söhbətimiz olub. Təbii ki, insan sağlamlığı ön planda gəlir. Ümid edirəm ki, bəşəriyyət bu bəladan tezliklə qurtulacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right