Ötən əsrin sonlarında futzalçıların əsl məkanı: məhəllə futbolundan zala aparan yol

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Futzal: mövcud durum və perspektiv üfüqləri" istiqamətində "Azərbaycan futzalı: Kölgəyə çəkilən "kişik qardaş" adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı "Ötən əsrin sonlarında futzalçıların əsl məkanı: məhəllə futbolundan zala aparan yol" mövzusundadı. 

Ötən əsrin son 20-30 ili. Evlərdə yalnız SSRİ-nin rusca yayımlanan I və II proqramları, habelə AzTV. Paytaxtda kinoteatrlardan başqa əyləncə məskəni tapmaq demək olar ki, mümkünsüz məsələ idi. Bəli, alternativ olaraq az sayda mövcud olan kafe/restoranlar fəaliyyət göstərirdi. Lakin həmin illərdə nə məmurların özləri, nə də yaxın/uzaq qohumları indiki kimi harın həyat sürə bilmirdilər. Belədə, orta təbəqə formalaşırdı ki, məhz həmin qrup insanlar Respublikanın əsas hissəsini təşkil edirdi. Həmin orta təbəqəni təşkil edən insanların övladlarının seçim imkanı məhdudlaşdıqda, məhəllə futbolu “əsas silah”a çevrilirdi. İş günlərində adətən məhəllədaxili futbol, şənbə və bazar günləri isə... Bax, əsl qırğın onda olardı. Əzilən/sınan əl-ayaqlar, dava-dalaş və bunun nəticəsində yumruq davaları və s. Günlər, həftələr, aylar, illər bu cür mübarizələrdə davam edərdi. Maşını məhəllədə saxlayan “əmilər” belə həmin oyunlarla hesablaşar, “burda futbol oynamayın” demək əvəzinə avtomobili kənarda saxlayar, bəzən isə dayanıb həmin çılğın döyüşləri seyr edərdilər...

Belə “əmilər” sırasında bəzən Uşaq Futbol Məktəblərinin məşqçiləri də peyda olurdu. Olurdu ki, izləsin, dəftərçəsində qeydlər aparsın, matç başa çatdıqdan sonra isə ən çox bəyəndiyi oyunçulara “futbolla məşğul olmaq istəyirsən” sualını versin. Bu, artıq arzuların zirvəsi hesab olunurdu ki, əksəriyyət də sevinə-sevinə evə tələsər, valideynlərinin xeyir-duasını almaq üçün bütün şərtləri ilə razılaşardı...

Məhəllədən futbola adlayan xeyli sayda nümunələr var. Ancaq kiçik ölçülü meydanlarda (oxu - asfaltda) məhz futzal bacarığı daha qabarıq şəkildə üzə çıxırdı. Elə bu səbəbdən idi ki, 90-cı illərdən populyarlaşmağa başlayan futzal peşəkar relsə qədəm qoymağa başlayanda istedadlar axtarmaq üçün baş sındırmağa ehtiyac yox idi. Məhəllələrdəki istedadlar asfalt üzərində baş çıxarmağı bacarırdılarsa, parketdə oynamağa nə var idi ki!?

İllər keçdikcə həmin futzalçılar püxtələşdi, milli səviyyəsinədək irəlilməyi bacardılar. Bu gün Ağatahir Əzimovun yaşı 45-ə çatıb və adı hələ də futzal meydançalarından gəlirsə, görün 20-25 il öncə qocalmaq bilməyən sənətkar hansı xarüqələri yaradırdı! Nurəddin və Mahir Eyniyev qardaşları, İlqar Aslanov, Rauf Hüseynov, Məmmədəli Zeynalov, Natiq Məmmədkərimov, Müslüm Hüseynov, Allahverdi Babayev, Baba Əsgərov və onlarla “4 nömrə” sehrbazları” futzal tarixində unudulmaz iz buraxıblar. Bəli, bu uşaqların qüsurları yox deyildi. Ən böyük çatışmazlıqları “öz şirələrində qaynamaları” idi. Futzalda maliyyə imkanlarının olmaması beynəlxalq oyunları yalnız rəsmi yarışlarda görmələrini şərtləndirirdi. Altternativ olaraq legionerlərin ölkəmizə axını müsbət təsir göstərə bilərdi ki, bu da eyni – maliyyə problemləri səbəbindən həyata keçmirdi. Nəticədə azərbaycanlı futzalçılar individual keyfiyyətlərinə görə dünyaya meydan oxumaq səviyyəsində olsalar da, kollektiv oyundan xəbərsiz idilər.

İllər ötürdü, lakin hər dəfə seçmə mərhələlərdə yığmalarımıza nəsə çatışmırdı. Nəhayət, XXI əsrin ilk ilində futzalda inqilab baş verdi. “Azərneftyanacağ”ın hegemonluğu şəraitində keçən çempionata yeni nəfəs gəldi – “Turan AİR”. Elman Ələkbərovun baş məşqçisi olduğu komanda Hacıbala Abdullayevin topladığı kollektivə tam fərqli üslub təklif etdi. Ancaq ilk mərhələdə yerli oyunçular arxa planda qaldı. Marat Abyanov kimi Avropa çempionu olmuş dünya şöhrətli futzalçı ilə yanaşı, təcrübəli Andrey Yudin və Rusiyadan gətirilmiş daha 4 gənc Azərbaycana tam fərqli dəst-xətt daşıdılar. İndi bu üsluba futbolda da rast gəlinir. Elə “Qarabağ”ın üslubuna nəzər yetirsəniz, əsrin ilk illərində “təyyarəçilər”in hansı modeldə oynamalarını təxmin edə bilərsiniz. Daimi yerdəyişmələr, çoxsaylı ötürmələr, sürət. Başqa sözlə, “tiki-taka”. Doğrudu, rusiyalı gənclər də ölkəmizdə püxtələşdi, onlardan biri – Konstantin Duşkeviç öz millisinin liderinə çevrildi. Ancaq məsələ burasındadı ki, “Turan AİR” tək özü güclənmədi, bu komanda Azərbaycan futzalının yeni inkişaf yolunda “ilk göyərçin” oldu.

Məhz Ələkbərovun yetirmələrinin sərgilədiyi futzal və bunun nəticəsində ortaya çıxan rəqabət azarkeş sayının günü-gündən artmasını şərtləndirirdi. Özü də bu, “aysberqin” görünən, həm də ən cılız tərəfi idi. Görünməyən tərəflər isə daha əzəmətli idi.

Artıq ilk mövsümdəcə “təyyarəçilər” çətinliklərlə üzləşməyə başladı. Əgər ilk dövrədə komanda bütün qarşılaşmalardan qalib ayrılmışdısa, fasilədən sonra “Tiran AİR” məğlubiyyət acısı da daddı, xal bölgüsünə də razılaşmalı oldu.

Niyə?

AMMK, “İnşaatçı”, “Qafqaz Universiteti”, “AnqloOİL” və əlbəttə ki, “Azərneftyanacaq” komandalarının baş məşqçiləri gecə-gündüz azərbaycansayağı “tiki-taka”ya qarşı məlhəm axtarışıyla məşğul idilər. Ələkbərovun komandasının əsas rəqibi olan “Azərbeftyanacağ”ın baş məşqçisi Hacıbala Abdullayev onlarla ev hazırlığı ilə “Turan AİR”ə başağrısı olmağa müyəssər olmuşdu. Elə Elçin Rəhimov da “AnqloOİL”-ı ilə çempionata xüsusi rəng qatmağı bacarmışdı. Ən əsası isə azərbaycanlı futzalçılardan ibarət komandalar parketi yeməyə də hazır idilər ki, təki “Turan AİR”ə məğlubiyyət acısı daddırsınlar. Əlbəttə ki, əvvəl-əvvəl arzu və reallıq fərqli qütblərdə yerləşirdi. Lakin həftələr, aylar ötdükcə nələrsə alınmağa başladı. Eyni zamanda “Turan AİR”in yerli oyunçuları da addım-addım “tiki-taka” üslubunda oynamağa alışırdılar. Maraqlıdı, daim topla rəftar etməyi sevən, daim qol vurmağa can atan azərbaycanlı futzalçılar bu pis vərdişdən necə əl çəkdilər? Növbəti yazımızda bu sualın orijinal cavabını verəcəyik.

Hələliksə bu cür rəqabətin yeni nəslin yetişməsində fantastik rol oynamasından danışaq. Camal Məmmədov, Namiq Məmmədkərimov, Vitali Borisov, Rəcəb Fərəczadə, Seyidağa Babayev və neçə-neçə gənc futzalçıların təməl daşları məhz 2001-2003-cü illərdə qoyulmağa başladı. Adlarını çəkdiyimiz oyunçulardan bəziləri günümüzdə də karyeralarını davam etdirirlər. Ancaq acı təəssüflə qeyd etməliyik ki, yeni nəslin futzalçıları 15-20 il əvvəlkilərlə müqayisəyə gələ bilməzlər.

Bunun bir neçə səbəbi var. Əvvəla futbol və futzaldakı pullar arasında yerlə göy qədər fərq var. Məhz bu səbəbdən də futzalda daha böyük uğurlara imza ata biləcək gənc karyerasını futbola həsr edir. Çünki Premyer Liqanın ən geridəqalmış komandasının ehtiyatında oturmaq belə, futzaldan daha çox gəlir gətirəcək. 

İkinci məqam bir qədər subyektivdi. Məsələ burasındadı ki, ölkəmizdə 2001/02 futbol mövsümü yarımçıq dayandırılmışdı. Səbəbkar hazırda Hakimlər Komitəsinə sədrlik edən Xaqani Məmmədov olmuşdu. “Şəfa” – “Xəzər Universiteti” matçında qonaqların qapısına təyin etdiyi penalti çempionatın yarımçıq dayandırılması ilə nəticələnmişdi. Belədə, legioner həyata yaşamaq üçün yararsız olan bir sıra yerli futbolçular da futzal çempionatına keçmişdilər. Başqa sözlə, Xaqani Məmmədov karyerası ərzində futbolu daim uçuruma aparıbsa da, özü də bilmədən futzala fayda verib.

Növbəti diqqətçəkən məqam futzalın mediada geniş işıqlandırılmamasıdı. Bu, xüsusilə televiziya məkanına aiddi. Yalnız milli komanda və “Araz”ın Çempionlar Liqasındakı çıxışı zamanı futzal mavi ekranlara gəlir. İndi də milli komandamızın yarısının niyə əcnəbilərdən ibarət olması barədə. Sonuncu dəfə nə vaxt məhəllələrdə azyaşlıların futbol oynamasını görmüsünüz? Sual ritorikdi. Çünki avtodayanacaqlar (istər eəsmi, istərsə də qeyri-rəsmi) əlindən azyaşlı cocuqlar futboldan məhrumdular. Kasıb təbəqənin övladları isə süni örtüklü meydançaya görə pul ödəyə bilmir. Beləcə, real kütləvilik ölkədə itib. Kütləvilik itdikdən sonra isə yerli uşaqların formalaşması mümkünsüzə çevrilib. Bunun da acı nəticəsi olaraq yığmamızın formasını geyənlərin sayı utancverici, milliyə cəlb olunan yerlilərin səviyyəsi isə tələblərdən xeyli aşağıdı.

Növbəti yazıda Azərbaycanın ən tanınmış mütəxəssislərindən olan Elman Ələkbərovla müsahibəni təqdim edəcəyik, önunla keçmişə ekskurs, habelə yaradıcısı olduğu tarix ərzində yeganə ixtisaslaşmış futzal məktəbi barədə fikir mübadiləsini diqqətinizə çatdıracağıq.

 

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right