“Qarşılaşdığımız komanda səviyyəli idi. Onlar bizdən üstün oynadılar və qələbəyə layiq idilər”. Newsport.az xəbər verir ki, bu sözləri millimizin üzvü Emin Mahmudov Macarıstana 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
Təcrübəli yarımmüdafiəçi komandalar arasında fərqin açıq hiss olunduğunu deyib. Onun sözlərinə görə, Macarıstanın heyətindəki bəzi oyunçuların fərdi ustalığı bu fərqi daha da artırır: “Bizdə Dominik Soboslai kimi oyunçu yoxdur. O, topu yerindən 50 metrə ötürə bilən futbolçudur. Bu da oyunu bizim üçün çətinləşdirirdi. Daha çox çalışmalıyıq”.
Mahmudov matçın sonlarında komandanın hücumda fəallıq göstərdiyini və bərabərlik şansının olduğunu da vurğulayıb: “Bərabərlik şansımız var idi. Rəqibin qapıya daha çox zərbə vurduğunu anlayıram. Oyunumuz istədiyimiz kimi alınmadı. Əks-hücumlarda daha təsirli olmaq istəyirdik. Matçın sonunda hücumlar etdik, imkanlarımız oldu, amma onları dəyərləndirə bilmədik”.
Milli komandanın artıq uzun müddətdir qələbə qazana bilmədiyini xatırladan kapitan vəziyyəti dəyişmək üçün əllərindən gələni etməli olduqlarını bildirib: “Daha yaxşı oynamağımız lazımdır. Artıq bir ildir qalib gələ bilmirik. Azarkeşlərin də səbirsiz olduğunu başa düşürəm”.
Sonda Mahmudov baş məşqçi Fernandu Santuşun gələcək taleyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib: “Onun qalıb-qalmayacağını bilmirəm. Bizim əsas işimiz meydanda daha yaxşı çıxış etməkdir”.