Məktəb zallarında keçirilən oyunlar və "yerin dibinə gedən" futzal

Korner.az və Sportfm.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri" layihəsi çərçivəsində birinci yazısı  
 
Sabiq Sovetlər Birliyində mini-futbol 50-ci illərin sonunda yaranıb. 1959-cu ildə Latviyada təşkil olunan ilk turnirdə 320-yə yaxın komanda iştirak edib. Məktəblərin idman zallarında baş tutan görüşlər haqqında dövrün mətbuatı demək olar ki, heç bir məlumat verməyib. Bir müddət sonra isə Litva, Ukrayna, Gürcüstan və Rusiya ilə yanaşı, ölkəmizdə də mini-futbol turnirləri təşkil edilib. 1991-ci ildə SSRİ-nin futzal üzrə ilk rəsmi çempionatı keçirilib. Azərbaycanı bu turnirdə iki komanda - "Neftçi” və "Flamenqo” təmsil edib. Birinci zona yarışında B qrupunda 1-ci olan "Neftçi” 1-4-cü yerlər uğrunda matçlarda 3-cü sırada qərarlaşıb. İkinci zona yarışında iştirak edən "Flamenqo” isə B qrupunda sonuncu olaraq 5-8-ci yerlər uğrunda görüşlərdə aktivinə üç xal yazaraq 7-ci olub.
"Neftçi” Veteranlar Klubunun və Bakı Kəndlər Futbol Federasiyasının vitse-prezidenti Ağarza Rzayev ömrünü sözün əsl mənasında futzala həsr edən şəxsdir. Azərbaycan Futzal Federasiyasının ilk prezidenti olan Rzayev ölkəmizdə bu idman növünün necə yaranması haqqında müəyyən bilgilər verdi:
Rəhmətlik Ələkbər Məmmədov deyirdi ki, mini-futbol Azərbaycanda hələ 60-cı illərdə yaranıb. 1967-68-ci illərdə mən özüm məktəblilərin komandasında oynamışam. Turnirlərdə iştirak edən komandalar arasında Bakı kəndlərinin kollektivləri, 9-cu dəstədə oynayan bütün komandalar, həmçinin "Neftçi" veteranları da var idi. Beləcə, yeni yaranmış mini-futbol nəinki Azərbaycana, hətta bütün SSRİ-yə səs salmışdı. 1989-91-ci illərdə rəsmi olmasa da, Azərbaycan Çempionatı keçirilirdi. Yaxşı xatırlayıram, ilk turnirlər həndbol meydançasında baş tutdu, sonra isə indiki Əl Oyunları Sarayında müxtəlif yarışlar təşkil edilməyə başlandı. O vaxtlar hətta SSRİ çempionatında da iştirak edirdik. ”Neftçi”nin iki komandası var idi. Onlardan biri "Avtomobilçi” Belarusiyanın Minsk şəhərində keçirilən SSRİ çempionatına qatılmışdı. Sovet imperiyası dağıldıqdan sonra isə futzal eynən futbol kimi "yerin dibinə getdi”. 1991-ci ildə "Neftçi" veteranları Moldovanın paytaxtı Kişinyovda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) çempionatında iştirak edərək 3-cü yerə çıxdı. Oyunçular arasında Asim Xudiyev, Rafiq Əlizadə, Səmədağa Şıxlarov, Rafiq Bağırov, Mübariz Zeynalov, Ələkbər Məmmədov və başqaları vardı.  Moldovadan sonra Qazaxıstanın Aktau şəhərində təşkil edilən Asiya Çempionatında Azərbaycandan iki komanda iştirak edirdi. Bunlar "Avtomobilçi” və "Flamenqo” klublarə idi. "Avtomobilçi" Asiya Kubokunun sahibi oldu. Bu Azərbaycanın futzalının beynəlxalq arenada ilk uğuru hesab olunmalıdı. 
 
İştirakçıların sayı dəqiq bilinməyən çempionat!
 
1994-cü ildə futzal üzrə ilk ölkə çempionatı təşkil edildi(Ağarza Rzayev burada səhvə yol verir, ilk ölkə çempionatı 1993-cü ildə keçirilib – red.). Bu ideya AFFA rəhbərliyinin təşəbbüsü ilə həyata keçirildi, komandalar yaradıldı. Dəqiq rəqəm demək çətindi. Turnirdə hardasa 10 komanda mübarizə aparırdı. Rayonlardan olan komandalar yaxşı təsir bağışlayırdı. Onlar sırasında Yevlax, Sabirabad və digər regionlardan olan kollektivlər vardı. O vaxtlar əsas çətinlik maliyyə ilə bağlı idi. Sponsorlar idmandan "qaçırdı”, sahibkarlar bu işə meyl göstərmirdi. Pərakəndəlik idi, məcburən hər komanda üzvlük haqqı ödəməli oldu. Kubok və medalların alınması, hakimlərin əmək haqqının ödənilməsi, həkim nəzarəti və s. xərclər turlar arasında bölünürdü.
 
 
İndi özünüz görürsünüz ki, heç bir problem yoxdur, AFFA hamısını ödəyir. Həmin vaxtlarda ölkə çempionatında iddialılardan olan "Avtomobilçi”, "Azərneftyanacaq”, "Neftçi" veteranları və s. birləşdirilərək millimiz formalaşdırıldı. Artıq 95-ci ildə Azərbaycan yığması Hollandiyada keçirilən Avropa Çempionatının seçmə mərhələsində iştirak etdi. Həmin dövrdə mən yığma komandanın rəisi, Habil Qurbanov Komitənin sədri, Əbdülqəni Nurməmmədov isə millimizin baş məşqçisi idi. Orada 6 komanda arasında 5-ci olduq. Sonra qərara alındı ki, federasiya təsis olunsun. Mənə təklif etdilər, razılaşdım. Sənədlərimi Ədliyyə Nazirliyinə təqdim etdim və federasiya prezidenti olmam təsdiqləndi. Uzun illər ərzində ölkə futzalına rəhbərlik etdim(2007-ci ilə qədər – red.). Xeyli iş gördük, maraqlı çempionatlar oldu.
 
Adı Azərbaycan futzalı ilə yanaşı çəkilən və hazırda da çıxışlarını Birinci Liqada mübarizə aparan "İtaldizayn"da davam etdirən Ağatahir Əzimov ölkə çempionatının ilk illərini yaxşı xatırlayır:1993-cü ildə ilk çempionat təşkil olundu, bir çox tanınmış futbolçu həmin turnirdə çıxış edirdi. Mən onda "Azərneftyanacaq"da idim. 1994-cü ildə növbəti çempionat start götürdü və mən ikinci dövrədən "Azadə" klubunun heyətinə qatıldım.
"Azadə"nin baş məşqçisi Şamil Useynov idi. Sabiq komanda yoldaşım olan Mahir Eyniyev "Avtomobilçi"yə üz tutdu. Mövsümün sonunda bizim komanda qızıl medalları qazandı. Çempionat əla təşkil edilmişdi, çox güclü rəqabət vardı. Rayonlardan gələn kollektivlər yaxşı təşkil olunmuşdu. Bizimlə başabaş mübarizə aparırdılar. Reqlament də yaxşı tərtib edilmişdi. 
 
2000-ci illərdə ölkəmizdə əsl futzal "bum”u yaşandı, görəsən bu nə ilə bağlı idi? Hazırda futzal üzrə yığma komandamızda məşqçi kimi çalışan Hacı Abdullayevin bu məsələ ilə bağlı öz fikri var:
Həmin vaxtlar futzala marağın artmasının əsas səbəblərindən biri futbol üzrə ölkə çempionatının dayandırılması oldu. Onda yəqin ki, futzala maraq çox idi. Yaxşı yadımdadır, xeyli sayda futbolçu futzal çempionatında çıxış etməyə başladı.
Futzal texnikalı oyundur, oyunçular gəlib futzal oynayırdı, texnikasını artırırdı. İndi 3-4 liqa var, komanda sayı 50-ni keçir. Ola bilər hazırda o dövrdə olan rəqabət yoxdur, əvvəlki kimi azarkeş gəlmir, ancaq futzal Azərbaycanda həmişə ən sevilən idman növlərindən biri olaraq qalır. 
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right