Kateqoriya: Futzal | Tarix: 05.06.2025 15:50
Bu gün futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib. Finalda “Araz-Naxçıvan” və PFL komandaları üz-üzə gəlib. PFL həlledici qarşılaşmada rəqibini 7:1 hesabı ilə üstələyib.
Oyundan sonra Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Newsport.az saytına açıqlama verib:
“Həyatımın ən gözəl anlarından birini yaşayıram. Öncə də demişdim ki, “Araz-Naxçıvan”la oynamaq artıq fəxrdir. Çox çalışmışdıq və bəxt də bizim tərəfimizdə oldu. “Araz-Naxçıvan”da legionerlərin olmaması və zədəlilərin çoxluğu qüvvələrin nisbətini bərabərləşdirdi. Yoxsa, qalib gəlmək mümkün olmazdı.
Həmişə demişəm ki, Azərbaycanda futzal çox sevilir. Burada da federasiya prezidenti Zaur Axundovun əməyi danılmazdır. Oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşduq. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Futbol mənim tək işim deyil, həyatımdır. Bu gün çox xoşbəxtəm. Diqqət göstərən, təbrik edən hər kəsə həm öz, həm də komandam adından sonsuz təşəkkür edirəm”.