Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” ilə keçiriləcək cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bildirib.
Newsport.Az-ın məlumatına görə, təcrübəli mütəcxəssis rəqib haqda xoş sözlər deməklə yanaşı şansları bərabər qiymətləndirib:
"Sabah azarkeşlər yaxşı futbol şousu izləyəcəklər. Rəqib çox yaxşı müdafiə futbolu oynayır. Onlar güclü olmasaydılar, Türkiyə nəhənglərindən olan "Bursaspor"u mübarizədən kənarlaşdırmazdılar. "Çixura" müdafiə olunmağı sevirsə, biz də hücum futboluna üstünlük veririk. Elə ən yaxşı müdafiə də hücumdur".
"Rəqib bizi də "Bursaspor" kimi məğlub etmək istəyir. "Çixura" qorxulu rəqibdi. Bakıda qapıya yol tapa bilmədik. Ümid edirəm ki, buradakı oyunda fərqli olacaq. Rəqibin heyətində Puyol və ya Serxio Ramos oynayasaydı, onların səhv etməyəcəyini düşünərdim. Amma rəqibin belə bir müdafiəçisi yoxdur. Hər bir insan kimi onlar da səhv edə bilərlər. Şansların bərabər olduğunu düşünürəm".
"Çixura" nə qədər qapanır qapansın, bu işə bir son qoyulmalıdır. Mən "Neftçi"nin şousundan danışa bilərəm. Rəqib nə qədər bizim oyunlarımızı izləyir izləsin, biz elə taktika seçəcəyik ki, onlar heç nə edə bilməsin. "Çixura" sırf müdafiə futbolu oynayır. Amma "Koper" müdafiə olunsa da, bir qədər kombinasiyalı oyuna da üstünlük verirdi. "Çixura" isə hücumda yalnız cinahlara güvənir".
Gürcü jurnalistin qara sarğıyla oynamaqla bağlı sualının cavabında isə o, bunları söyləyib: "Çox minnətdaram ki, bizim acımıza şərik olursunuz. Hamınıza minnətdaram. Zamanı gələcək, hər şey qaydasına düşəcək. Düzdü, biz qara sarğıyla oynamaq üçün UEFA-ya müraciət etmişdik. Amma bu, Ələkbər Məmmədovun ölümü ilə bağlı idi".