"Çox sevinirik, çünki yenidən qrup mərhələsində iştirak edəcəyik".
Newsport.az-ın məlumatına görə, bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın kapitanı Maksim Medvedev deyib.
Müdafiəçi onları Konfrans Liqasının qrup mərhələsində güclü rəqiblərin gözlədiyini bildirib:
"Yaxşı komandalar olacaq. Qrupumuzda da yəqin ki, maraqlı rəqiblər olacaq. Yaxşı futbol nümayiş etdirib, azarkeşlərimizi sevindirmək istəyirik.
Hər dəfə qrupumuza böyük komandalar düşür. Hər zaman olduğu kimi bu dəfə də əm yaxşısını etməyə çalışacağıq.
Qrupdan çıxmaqla bu dəfə yeni tarix yazmaq istəyirik. Düzdü, bu il çempion ola bilmədik. Avorpada yolumuz bir qədər çətin oldu.
Səhv etmək şansımız yox idi. İstənilən bir səhv və məğlubiyyət bizi turnirdən kənarda qoyacaqdı.
Amma çempion olanda Çempionlar Liqasında uduzub Avropa Liqasına düşürdün. İndi orada da uduzanda, Konfrans Liqasına düşürsən. Amma bu il belə bir şansımız yox idi.
Allahın köməyi ilə səhvsiz gəlib qrupa düşdük. Çempion olub, Çempionlar Liqasına getsəydik, əmin ola bilmərəm ki, necə olacaqdı. Çünki qarşımızda hansı rəqiblərin olacağını bilmirik.
Bu barədə dəqiq nəsə demək olmaz. Mənim oyunumu baş məşqçi qiymətləndirə bilər. Ola bilsin, sırf təcrübəyə görə mərkəzdə oynadım.
Bildiyimiz kimi Bədavi və Rahil zədəlidir. Bəhlul komandaya yeni gəlib. Birdən-birə belə ağır oyuna salmaq risk olardı. Bundan əlavə, sağ cinahda oynamaq daha çox enerji tələb edir.
Artıq 32 yaşım var, istər-istəməz bir az ağır olur. Amma baş məşqçimiz yenə hansı mövqedə desə, orada oynamağa hazıram".