"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının XXVII turunda "Qəbələ"yə məğlubiyyəti (0:4) şərh edib.
Newsport.az-ın məlumatına görə, belaruslu mütəxəssis oyundan sonra "CBC Sport"a açıqlamasında bunları deyib:
"İlk hissədə faciəvi dərəcədə pis oynadıq. "Qəbələ" kimi komandaya 3 top üstünlük verdikdən sonra vəziyyəti dəyişmək çox çətin idi. Çıxışımızı analiz edəcəyik. Çox çalışmalıyıq, işlədikcə müsbət nəticə gələcək".
- Qollar əsasən müdafiə xəttinin diqqətsizliyindən sonra buraxıldı. Gələcək oyunlar üçün müdafiə xəttində dəyişiklik etməyi düşünürsüz?
- Belə deyim var ki, gələn oyuna kimi hələ sağ çıxaq. Bu arada öz üzərimizdə işləyəcəyik. Belə qolların buraxılması müdafiə xəttində problemlərin olmasından xəbər verir. Təbii ki, müəyyən dəyişikliklər baş verə bilər.
- BATE-də Camaləddin Xocaniyazovla çalışmısız. Halbuki o həmin vaxtı Borisov klubunda oynamaq üçün çox da şans tapmamışdı. Bu günkü matçda isə komanda onun səhvindən 2 qol buraxdı. Ümumiyyətlə, Xocaniyazov haqda nə düşünürsüz?
- BATE-də oynayarkən komandaya son toplanışda qoşulmuşdu. Ona görə də heyətə düşməkdə müəyyən qədər çətinlik çəkirdi. Bugünkü məğlubiyyətə gəldikdə, hansısa futbolçunu mənfi xüsusiyyətilə fərqləndirmək istəməzdim. Çünki uduzanda hamı uduzur. İlk növbədə isə günahı, səhvi özümdə görməyə çalışıram.