Qurban Qurbanov: “Bu istəyi görmək mənim üçün vacib idi”

"Komandamı təbrik edirəm. Oyun daha asan ola bilərdi. Amma sonadək gərginlik qaldı. Motivasiyanı qoruyub saxlamağa çalışırıq. Texniki səhvlərimiz çox oldu. Hər bir halda xeyli sayda hücumlar etdik, qol imkanlarımız oldu. Rəqibi də təbrik edirəm. Məğlub olsalar da, sonadək mübarizə apardılar. Komandanı qısa vaxtda "Kayrat"la matça hazırlamalıyıq".

Newsport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis futbolçuların ikinci hissə yorulduqlarını bildirib: "Bu səbəbdən Maksim Medvedevi əvəzlədik. Həm yorğun idi, həm də sarı vərəqəsi var idi. Patrik Andradeni də əvəzləmək istəyirdik. Amma sonradan fikrimizi dəyişdik. Rəqib meydana tam heyətlə çıxmışdı. Matçın gərgin keçəcəyi gözlənilirdi. 90 dəqiqə eyni tempdə saxlamaq asan deyil".

Qurbanov Qara Qarayevin ehtiyatda qalmasının səbəbini də açıqlayıb: "Füzuli rayonunda idi. Düşərgəyə gec qoşulmuşdu. Yoldan gəldiyi üçün ehtiyatda saxladıq".

Baş məşqçi UEFA Konfrans Liqasındakı rəqibləri olan Qazaxıstan "Kayrat"ının tam fərqli oyun üslubu ilə çıxış etdiyini söyləyib: "Bəlkə də dəyişiklik edəcəklər. Bu gün futbolçulardan hücum etmək tələb olunurdu. Sadəcə, dəqiqlik çatmırdı. Bu da istəkdən irəli gəlirdi. Bəzi epizodlarda topu düzgün ram etmək lazım gəlirdi. Amma bu istəyi görmək mənim üçün vacib idi. Bugünkü bəzi elementlər avrokubok matçında lazım olacaq. Rəqibi daha yaxşı təhlil etdikdən sonra daha dəqiq hazırlaşacağıq".

Təcrübəli mütəxəssis ikinci hissədə meydana buraxdığı Ramil Şeydayevin oyuna çox yaxşı qoşulduğunu vurğulayıb: "Onun çıxışından razı qaldım. Qapıya doğru 4 zərbə vurdu ki, bununda 3-ü düşünülmüş idi. Sadəcə, dəqiqlik çatmadı. Özünü daha rahat hiss etsəydi, sonluq qolla nəticələnə bilərdi. Ona deyiləcək söz yoxdur. Onda hər şey yaxşılığa doğru gedir. Ramil burada olduğu müddətdə yalnız inkişaf edəcək. Özü də məsuliyyətlidir, daha çox məşq edir. Belə futbolçulara hər zaman ehtiyac var. Futbolçunun işə yanaşması, nizam-intizamı çox vacibdir. Çatışmayan cəhətlərini də yaxşılaşdıracağıq".

Baş məşqçi hər oyuna ciddi hazırlaşdıqlarını deyib: "Nəyisə bacarırıqsa, deməli. tələblərimiz daha çoxdur. Amma məğlubiyyət də qaçılmazdır. Sevindirici haldır ki, 15 oyundur uduzmuruq. Bunu qoruyub saxlamağa çalışacağıq. Belədə rəqiblər sənə qarşı daha yaxşı mübarizə aparırlar. Buna hazır olmalıyıq. Belə hallar dəfələrlə olub".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right