14 iyul, 1969-cu il, həmin gün Moskvada nə baş vermişdi?

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Futbol11.az saytı “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Heç kim və heç nə unudulmur" mövzusunda silsilə yazıları davam etdirir.

1969-cu ildə SSRİ çempionatının güclülər dəstəsi iki mərhələdə keçirilib. İlk dövrədə 20 komanda iki yarımqrupda mübarizə aparıb. Hər qrupda ilk 7 yeri tutan komandalar medallar uğrunda yarışmaq hüququ əldə ediblər. Elə hər şey də bundan sonra başlayıb. Komandalar ilk “14-lüyə” düşmək üçün nə yollara əl atmayıblar ki...  

Valeri Hacıyev rəqib düşərgədə

14 iyul, 1969-cu il.  Moskva “Dinamo”su öz meydanında “Neftçi”ni qəbul edir.  Almatalı Tolçinskinin idarə etdiyi oyunu 25 min azarkeş izləyir. Paytaxt klubu artıq növbəti mərhələyə vəsiqəni təmin etdiyindən Bakı klubu ilə  görüşə motivasiyasız çıxır. Həmin turda Kiyev “Dinamo”su “Ararat”la qarşılaşır. Yerevan klubu kiyevlilərlə danışığa gedərək, oyunun heç-heçə başa çatmasına nail olur – 1:1. “Neftçi” “Dinamo”ya səfərdə uduzsaydı, komanda medallar uğrunda mübarizəni davam etdirə bilməyəcəkdi. Nəyin bahasına olursa-olsun, məsələ yoluna qoyulmalı idi. Tərslikdən “Neftçi” səfərə ideal heyətlə çıxa bilmir. Banişevski ilə Semiqlazovun cəzası davam edirdi, Markarov isə həmin vaxt zədəli idi. 

Neftçi: Vladimir Kosenkov,  Rafiq Quliyev, Vladimir Bruxti, Aleksandr Trofimov, Mübariz Zeynalov, Aleksandr Mirzoyan, Kazbek Tuayev  (k), Ağasəlim Mircavadov (Yaşar Babayev, 46), Ruslan Abdullayev, Nikolay Smolnikov, Əli Rəhmanov (Nadir Eynullayev, 19). 

Dinamo: Yaşin, Ştapov, Dolbonosov, Zıkov, Maslov, Aniçkin (k), Smirnov, Syomin (Kuraşinov, 71), Yevryujixin, Hacıyev (Avrutski, 57). 

Hacıyev soyadı sizi çaşdırmasın, bəli, bu bizim Valeri Hacıyev idi. 1969-cu ildə “Neftçi”dən inciyib “Dinamo”ya getmişdi. Deyilənə görə,  bu haqq-hesabda rəqib düşərgədə olan Hacıyevin əməyi az olmayıb. 

“Neftçi”yə mütləq xal lazım olduğundan komandamızın bir neçə futbolçusu “dinamoçular”la danışığa girir. Hətta deyilənə görə, başda Tuayev olmaqla komandanın liderləri oyundan bir neçə gün öncə Moskvaya gedərək, “əmanəti” həmkarlarına çatdırırlar. “Dinamo”nun o vaxtkı baş məşqçisi Konstantin Beskovun isə bundan xəbəri olmur. Sonralar veteran futbolçularımızdan biri danışırdı ki, mehmanxanada başqa adla qeydiyyatdan keçdik, “Neftçi”nin oyunçularının matçdan bir neçə gün əvvəl gəldiklərindən duyuq düşsəydilər, məsələ “şişə” bilərdi. 

II hissədə nə baş verdi?

İqor Stepanoviç Dobronravov – “Dinamo” tarixinin əsas araşdırmaçılarından biri. 2014-cü ildə Tver vilayətində 81 yaşında dünyasını dəyişib. 1992-1995-ci illərdə Moskva klubunda mətbuat xidmətində işləyib. Sovet dövründə uzun illər bu komanda üçün təqvim-kitabçaları, bukletlər, oyunlar üçün proqramlar hazırlayıb. 

Dobronravovun “Dinamo” – “Neftçi” oyunu haqqında yazdıqlarından: “Bu görüş qonaqlar üçün böyük əhəmiyyət kəsb edirdi. Bakılılar bu səbəbdən matça fəal başladılar. “Dinamo”nun bir çox futbolçuları isə elə laqeydcəsinə oynayırdılar ki, sanki nəticə onları maraqlandırmır. 15-ci dəqiqəyə kimi üstünlük “Neftçi”nin tərəfində olsa da, onlar qol vəziyyəti yarada bilmədilər. “Dinamo”nun nadir əks-hücumlarından biri qolla nəticələndi. Ştapovun ötürməsindən sonra Kozlov müdafiəçini qabaqlayıb fərqləndi. 30-cu dəqiqədə Zeynalov adamı heyrətə salacaq qədər asanlıqla Aniçkini (bu soyada diqqət, hələ bu futbolçudan  çox danışılacaq – red.) aldadaraq, qapıçı ilə təkbətək çıxdı. Ancaq Yaşin komandasını qoldan xilas etdi. 34-cü dəqiqədə Yuri Syomin təxminən 35 metrdən topu qapıya göndərir – 2:0. Fasilədən sonra oyunun ssenarisi dəyişir. Bakılı futbolçular demək olar ki, müqavimətə rast gəlmədən rahat şəkildə “Dinamo”nun müdafiəçilərini keçirdilər. Aniçkin (!) və Smirnov Smolnikov və Abdullayevi zərərsizləşdirə bilmirdilər”. 

51-ci dəqiqədə Ruslan Abdullayev hesab fərqini azaldır. 82-ci dəqiqədə isə “Neftçi” 2-ci qolu vurur.  Dobronravov həmin qol haqqında belə yazır: “Bakılılar cərimə zərbəsini yerinə yetirir. Eynullayevin qüvvətli zərbəsindən sonra Yaşin topu Smirnova tərəf qaytarır. Təhlükə dəf edilmişdi, ancaq Smirnov nədənsə, düşünməyə başladı. Elə bu anda özünü yetirən Tuayev hesabı bərabərləşdirdi – 2:2. Bakılılar 1 xal qazanaraq, medallar uğrunda mübarizə aparan komandalara qoşuldular”.

Lev Yaşinin bu oyundakı mövqeyi ilə bağlı mənbələrdə fərqli məlumatlar var. “Deyilənə görə, Yaşin oyun boyu Tuayevə Abdullayev və Smolnikovu göstərərək deyirmiş ki, “heç olmasa özün vur qol, bu uşaq-muşaq qol vurub məni biabır etməsin”. Smolnikovun həmin vaxt 20 yaşı var idi, Abdullayev isə 1966-cı ili Gəncə “Dinamo”sunda keçirmişdi. Yəni Yaşin Banişevski, Tuayev, Markarovdan fərqli olaraq onları o qədər də tanımırdı. 

Maslov və Aniçkinə 5 sutka “qauptvaxt”

Oyunun iştirakçılarından biri Maslov  sonralar “Sport Ekspress”ə müsahibəsində əfsanəvi qapıçının məsələdən xəbərdar olduğunu söyləyb: “Bütün komanda bilirdi ki, heç-heçəyə danışmışıq. Beskov və onun köməkçiləri “yatmış gözəllər” idilər. Anlamırdılar ki, nəticə hər iki tərəfi razı salır. Oyundan sonra axşam bazada Aniçkinlə birgə Konstantin İvanoviçlə rastlaşdıq. Bizi görən kimi dedi ki, “satdız oyunu”. Mən özümü saxlaya bilmədim, cavab qaytardım. Beskovu təhqir etdiyim üçün Aniçkinlə mənə 5 sutka qauptvaxt verdilər”.  

Amma “Dinamo”nun digər oyunçuları iki futbolçunun – Yaşinlə Kozlovun məsələdən xəbərsiz olduğunu iddia edirdilər. Yaşinə bu cür söz deməyə cəsarət etməzdilər. Ondan çəkinirdilər. Kozlov isə başqa dünyanın adamı idi. Hətta deyilənə görə, matçdan sonra əfsanəvi qapıçı hirsindən butsılarını Aniçkinə tullayıb. 

 

Ararat” nümayəndələri Moksvaya qızıl saatlarla gəliblər

Maraqlıdır ki, Moskva “Dinamo”sunun rəhbərliyi “Ararat”ın sifarişi ilə “Neftçi”ni udmaq haqqında futbolçulara göstəriş veribmiş. Hətta Ermənistan klubunun nümayəndələri Moskvaya qızıl saatlarla gəliblərmiş. Nəticə onların istədiyi kimi olacağı halda, saatlar “Dinamo”nun oyunçularına paylanacaqdı. 

KQB məsələyə müdaxilə edir

Maslov “Sport Ekspress”ə müsahibəsində rəhbərliyin oyunu “Ararat”a vermək istədiyi təsdiq edib: “Yerevan klubunu Ponomaryov çalışdırırdı. O əvəllər “Dinamo”da işləmişdi. Yaxşı insan idi, futbolçular onun hörmətini saxlayırdılar. Oyundan əvvəl rəhbərlik mənə və Aniçkinə dedi ki, Ponomaryovla danışın. Biz gizlətmədik ki, artıq “Neftçi” ilə heç-heçəyə görə razılığa gəlmişik. 1-ci hissədə 1:0 uduruq, bu anda Syomin 35 metrdən topu vurur və 2-ci qol. Syominə deyirəm: “Neynirsən, indi biz ikisini buraxmalıyıq”. İkinci hissədə rahat oynayırdıq, “Neftçi” isə heç cür qol vura bilmirdi. Tuayev hirsli-hirsli gəlib məndən soruşdu: “Nə vaxt buraxacaqsız?” Hesab 2:0 olanda Ponomaryov tribunada kiməsə demişdi ki, “onsuz da oyun heç-heçə qutaracaq”. Beskov oyundan sonra paltardəyişmə otağına girdi və qışqırıb söyməyə başladı: “Oyunu satmısınız”. Yaşın başını qaldırıb mənə hirslə baxıb dedi ki, “deməli, siz danışmışdınız?” Mən də qayıtdım ki, “Yaxşı, biz razılaşmışdıq, sən ki, dünyanın ən yaxşı qapıçısısan, niyə 2 top buraxdın? Ondan sonra sükut çökdü”

Beskov Aniçkin və Maslovu 2 həftə məşqlərə buraxmır. “Dinamo” DİN-ə tabe olduğundan baş məşqçi bu iki futbolçunun qovulması ilə bağlı nazirlik nümayəndələrini razı salıbmış. Amma klubu kurasiya edən KQB rəsmiləri məsələyə qarışır və bildirirlər ki, problemi özümüz həll edəcəyik. Beskov dediyindən dönmək istəmir və komandanın iclasında artıq baş məşqçinin göndərilməsi müzakirə olunur. Ancaq Maslov və digər futbolçular Beskovun qalmasını istəyirlər və məsələ sülhlə yoluna qoyulur. 

“Qocalara inanmayın”

Həmin qalmaqallı oyunun iştirakçılarından biri Ağasəlim Mircavadov bizimlə söhbətdə Moskvada “təmiz” qələbə qazandıqlarını bildirdi: “SSRİ çempionatında bəzən olurdu ki, komandalar bir-biriə kömək edirdilər. Bunu heç kim təkzib edə bilməz. Amma Moskvada “Dinamo” ilə oyunda biz öz alın tərimizlə heç-heçə etdik. Birinci hissədən sonra 0:2 hesabı ilə uduzurduq. Fasilədən sonra bizim qolları Rusan Abdullayevlə Kazbek Tuayev vurdu. Əksinə həmin ərəfədə “Dinamo” (Kiyev) “Ararat”la danışıb heç-heçə etmişdi. Ümumiyyətlə, Ukrayna komandaları sovet dövründə bir-birlərinə daha çox kömək edirdilər.  “Ararat”ın baş məşqçisi Aleksandr Ponomaryov da Moskvada “Dinamo” ilə oyunumuza gəlmişdi. O, vaxtilə Moskva komandasında işlədiyindən futbolçuları yaxşı tanıyırdı. Yəni məqsədi o idi ki, biz uduzaq və növbəti mərhələyə “Ararat” vəsiqə qazansın. Siz,  o qocalar deyənlərə fikir verməyin. “Dinamo” (Moskva) – “Neftçi” oyununda heç nə olmayıb. Biz öz zəhmətimiz hesabına həmin görüşdə heç-heçə etmişik”. 

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşirdirilir” 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right