“Qarabağ”ı tərk etmək asan deyildi” Leandro Andrade

Yay fasiləsində “Qarabağ”dan “Polissya”ya keçən Leandro Andrade Ukrayna klubunun mətbuat xidmətinə müsahibə verib.

Newsport.az xəbər verir ki, Kabo-Verde millisinin üzvü komandasını dəyişməsinin səbəbini uğur qazanmaq istəyi ilə əlaqələndirib:

“Futbolçu kimi qələbələr qazanmaq istəyən və baxımlı futbol oynayan komanda axtarırdım. Ötən mövsümün oyun icmallarını izləmişəm və nə danışdığımı bilirəm. Klub mənim buraya gəlməyimi çox istəyirdi. Bildiyimə görə, irəli getmək üçün lazım olan hər şeyimiz var. Komanda topa çox nəzarət edir və yüksək pressinq tətbiq edir”.

26 yaşlı hücumameyilli oyunçu “Qarabağ”dan ayrılmağın asan olmadığını etiraf edib: “Dörd il yarım ərzində mənim üçün evə çevrilmiş yeri tərk etmək asan deyildi. Orada ömürlük dostlar qazandım və azarkeşlərin böyük sevgisini hiss etdim. Onlar məni tez-tez “qızıl oğlan” adlandırırdılar. Avropada qalmaq və inkişaf etməyə çalışan klubda çıxış etmək istəyirdim. Burada oynamış bəzi futbolçularla danışdım. Onların dedikləri klub haqqında daha yaxşı təsəvvür formalaşdırdı və qərarıma ciddi təsir göstərdi”.

O, digər təkliflər fonunda Ukraynaya yollanmasına da münasibət bildirib: “Keçmiş komanda yoldaşım Aleksey Kaşuk mənə “Polissya”ya keçməyimi məsləhət gördü. O dedi ki, Ukrayna çox gözəl ölkədir, insanlar mehribandır və özümü evdəki kimi hiss edəcəyəm. “Qarabağ”da çalışan ukraynalı fizioterapevt də tərəddüd etmədən bu addımı atmağımı tövsiyə etdi”.

Andrade yadda qalan oyunlarından da danışıb: “Heç vaxt unutmayacağım oyun Çempionlar Liqasında “Benfika”ya qarşı keçirdiyimiz matçdır. Uşaqlıqdan azarkeşi olduğum kluba qol vurdum və biz qalib gəldik”.

Sabiq “Qarabağ”lı ötən mövsüm Azərbaycan çempionunun “Kopenhagen”lə qarşılaşmasını da xatırladıb: “Kopenhagen” çox güclü komandadır. Biz hesabı açmışdıq, lakin onlar təşəbbüsü ələ aldılar. Yenə də qol vurmaq bizə qismət oldu. Arzum odur ki, komandamız Konfrans Liqasında irəliləsin. Rəqibin kimliyindən asılı olmayaraq, hər zaman özümüzə inanmalıyıq”.

Qeyd edək ki, Leandro Andradenin transferindən “Qarabağ” 3 milyon avro qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right