“Qalatasaray” rəhbərliyi mövsümün sonunda komandanın sükanı arxasına keçəcək mütəxəssisi müəyyənləşdirib.
Newsport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılılar” isveçrəli Lusyen Favre ilə ilkin razılıq əldə ediblər.
Cari mövsümün gedişində Mönhenqladbax “Borussiya”sından ayrılan təcrübəli mütəxəssis müqaviləsinin ikitərəfli razılıqla ləğvinə indi müsbət cavab verib. Favrenin 2017-ci ilin yayına qədər olan müqaviləsinin ləğvinə razılıq verməsi məhz “Qalatasaray”la ortaq məxrəcə gəlməsi ilə əlaqələndirilir.
Almaniya mətbuatı bu keçidin baş tutma ehtimalını yüksək qiymətləndirir. Belə ki, rəhbərlik “Çaykur Rizəspor”la bu gün keçiriləcək ölkə kuboku matçından sonra Favre ilə yenidən danışıq masası arxasında əyləşəcək. Tərəflər ortaq məxrəcə gəlsələr, 58 yaşlı mütəxəssis gələn mövsümdən İstanbul nəhəngini çalışdıracaq. Lusyen Favre son klubu olan “Borussiya”da 4 il (2011-2015) çalışıb.