Ardadan dünya liderlərinə çağırış
"Barselona"nın futbolçusu Arda Turan dünən Türkiyənin paytaxtı Ankara şəhərində törədilən terror aktı ilə bağlı dünyaya səslənib.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu "İnstagram" səhifəsində daha öncə Fransada yaşanan terror aktından sonra dünya liderlərinin bir araya gəldiyi fotonu payşalaraq onları indi də Türkiyəyə dəstək olmağa çağırıb.
Arda terror aktı ilə bağlı aşağıdakı mətni paylaşıb: "İndi bizim acılarımızı paylaşmaq zamanıdır. Bütün dünyaya səslənirəm. Bu, sadəcə bizim problemimiz deyil; sənin, mənim, hamımızın problemidir. Terrora qarşı bir yumruq kimi olmaq zamanıdır. Biz bu dünya üzərində torpağa düşən hər can üçün gözyaşı tökdük. Ağrılar coğrafiyanızı əhatə etdiyi zaman sizinlə birgə üzüldük.

İndi də o öyündüyünüz mədəniyyətin gərəyini edin və ayağa qalxın. Çünki insanın dəyərini müəyyənləşdirən yaşadığı coğrafiya deyil. Biz pis gününüzdə sizə əlimizi uzatdıq, bərabər ağladıq. İndi mənim ölkəmdə heç bilmədiyiniz evlərdə analar, atalar, qardaşlar, həyat yoldaşları ağlayır. Reaksiyanızı indi göstərin. Mən Türkiyəni təmsil edən bir idmançı olaraq bunu gözləyirəm. Hamımız gözləyirik. Çünki bu sadəcə bizim ağrımız deyil. Terror sadəcə bizim deyil".
Qeyd edək ki, Ankaradakı terrorda 37 nəfərin öldüyü bildirilir.