İsveçrə millisinin baş məşqçisi Murat Yakın 2026-cı il dünya çempionatının 1/4 finalında Argentinaya 1:3 hesabı ilə uduzduqları oyundan sonra hakim idarəçiliyindən narazılıq edib.
Newsport.az "Blick"ə istinadən xəbər verir ki, o, matçın taleyini dəyişən məqamın Bril Embolonun qırmızı vərəqə alması olduğunu bildirib.
“Oyunun gedişinə baxsaq, Argentina millisindən daha yaxşı idik. Futbolçularımla fəxr edirəm. Onlar əla mübarizə apardılar. Amma hakimin bir qərarı bizi zəiflətdi və bütün planlarımızı pozdu. Həmin qərarla qətiyyən razı deyiləm. Bu, bizim üçün çox ağrılı məğlubiyyətdir. Qırmızı vərəqədən az əvvəl oyunda təşəbbüsü ələ keçirmişdik və hücumumuzu gücləndirmək üçün əvəzetmə etməyə hazırlaşırdıq. Bu qaydanı kimin düşündüyünü bilmirəm, amma onunla hesablaşmaq məcburiyyətindəyik. Amma hakimin qərarını heç cür başa düşə bilmirəm. Əgər Embolo həmin epizoda görə sarı vərəqə aldısa, deməli, bundan əvvəl Brilə qarşı edilən analoji qayda pozuntularına görə də rəqib futbolçular xəbərdarlıq almalı idilər. Nəticədə cəzalanan biz olduq. Hakimin bir qərarı komandanı bu qədər zəiflədə bildi”.
Qeyd edək ki, İsveçrə ikinci hissədə hesabı bərabərləşdirdikdən az sonra Bril Embolo VAR müdaxiləsi ilə simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Say üstünlüyündən yararlanan Argentina əlavə vaxtda daha iki qol vuraraq 3:1 hesablı qələbə qazanıb və yarımfinala yüksəlib.