İtaliya təmsilçisi "Milan" Qana millisinin yarımmüdafiəçisi Kevin-Prins Boatenqi sifariş edib.
Newsport.az klub saytına istinadən xəbər verir ki, afrikalı futbolçu bu gün "Bari" və "İnter"ə qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün "72" nömrə altında sifariş edilib.
Əsas komanda ilə məşqlərdən uzaqlaşdırıldığına görə, yaydan müqavilə ilə bağlı olduğu "Şalke"dən ayrı düşən Boatenq payızdan "Milan"ın düşərgəsində məşq edir. İtaliya mətbuatı "rossonyerlər"in 28 yaşlı futbolçunu yenidən heyətə qata biləcəyini yazır. Belə ki, Kevin-Prins Almaniyaya gedənə qədər məhz elə milanlıların şərəfini qorumuşdu.
Qeyd edək ki, "Bari" və "İnter"in də iştirak edəcəyi mini-turnirə "Milan"dan əsasən gənc futbolçular, həmçinin Yaponiya millisinin üzvü Keysuke Honda sifariş edilib.