"Yığmaya qayıtdığım üçün çox xoşbəxtəm. Bu mənim üçün bir çağırış idi və göründüyü kimi, imtahandan uğurla keçdim. Əsas heyətə düşmək və millidə möhkəmlənmək üçün əlimdən gələni edəcəm. Avropa çempionatına yollanacaq heyətdə yer almaq üçün qarşıdakı görüşlərdə baş məşqçinin etimadını doğrultmalıyam”.
Newsport.az saytının məlumatına görə, bu sözləri İtaliya yığmasının yarımmüdafiəçisi Sebastian Covinko deyib.
AVRO-2016-nın seçmə mərhələsində yığmamızla qarşılaşacaq "skuadra adzurra”nın Kanada "Toronto”sunun heyətində MLS liqasında çıxış edən futbolçusu İtaliya mətbuatına danışıb. Ötən ilin noyabrından bəri ilk dəfə milliyə çağırılan 28 yaşlı futbolçu onları çətin oyun gpzlədiyini deyib:
"Azərbaycana gəzməyə gəlməmişik. Bizi çox çətin oyunun gözlədiyini bilirik. Rəqib son vaxtlar yüksəlişdədi. Baş məşqçi dəyişikliyindən sonra uğurlu nəticələr qazanıblar. Amma bizim üçün rəqibin kimliyinin fərqi yoxdu. Hədəfimiz qələbə qazanaraq Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bu səbəbdən də matça çox ciddi hazırlaşmışıq”.
Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu sabah Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.