Qələbələr və məğlubiyyətlər fərqli olur. Məğlubiyyətə bərabər qələbə və qələbə dəyərində məğlubiyyət anlayışları ziddiyyətli olduğu qədər də, bir-birini tamamlayacaq dərəcədə yaxındır. Hər iki anlayışın kökündə isə, ədalət prinsipi dayanır ki, qloballaşmış zəmanəmizdə buna nadir hallarda rast gəlindiyini vurğulamaq məcburiyyətindəyik. Ədalətətli qərar vermək bacarığı, mərdlik, dürüstlük kimi keyfiyyətlər məcburiyyət səddini adlayanda, tabloda kamilləşmiş şəxsiyyət obrazı canlanır ki, artıq o tabloda riyazi əməllər insani əməllər qarşısında dəyərini itirmiş olur.
Ötən gecə milyonlarla tamaşaçının alqışını qazanan heyrətamiz tablo, bir ədalətli qərarla adını futbol tarixinə yazdıran Tofiq Bəhramovun da, ruhunu şad elədi yəqin ki... Bu hadisənin məhz onun adını yaşadan stadionda, Azərbaycan futboluna parlaq səhifələr yazan “Qarabağ”ın oyununda baş verməsi bəlkə də, təsadüfi deyildi. Bu, ilahi ədalətin növbəti təntənəsi idi yəqin ki... Nadir hallarda rastlaşdığımız səhnənin qəhrəmanı isə, dəfələrlə ədalətsizliklə üzləşən bir komandanın baş məşqçisi idi.
Əksəriyyəti təəccübləndirən bu hadisə, hətta mental dəyərləri çoxdan dəfn eləmiş Avropanın geniş auditoriyasına açılan mətbuat səhifələrinin gündəminə çevrildi. Daha bir maraqlı məqam isə, "Marsel"in baş məşqçisi Xorxe Sampaolinin etirafı idi: "Mən olsaydım hakimin qərarına təsir etməzdim..."
Bu, sıradan birinin deyil, əslən argentinalı Xorxe Sampaolinin etirafı idi, dostlar. Futbol tanrısı Dieqo Maradonanın həmvətəni Xorxe Sampaolinin. Görünür, hətta, milyonların sevimlisi - dahi Maradona da, bu etirafı edəcək qədər dürüst olmağı bacarmamışdı. Bu dürüstlük, "futbol Tanrı"sını belə utandıracaq ədalətli oyun nümunəsi Azərbaycan futbolunun imicinə çoxlarının qibtə edəcəyi nüfuz bəxş elədi. Görünür, bu nüfuzu qazanmaq da, Qurban tələb edir.
Tural Xudiyev