“Real”da yay transfer dövründə heyətə cəlb ediləcək yeni mərkəz müdafiəçisi ilə bağlı hələlik ortaq qərara gəlinməyib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiənin mərkəzinin gücləndirilməsi klubun qarşıdakı yay transfer pəncərəsi üçün əsas hədəflərindən biridir. Ancaq “Real” rəhbərliyində gələcək transferin hansı xüsusiyyətlərə malik olmalı olduğu ilə bağlı fikir ayrılığı yaranıb.
Belə ki, rəhbərliyin bir qismi David Alaba, Antonio Rüdiger və İbrahima Konate kimi, yüksək səviyyədə təcrübə toplamış müdafiəçinin transfer edilməsini istəyir. Digər qrup isə Din Heysen və Eder Militaonun transferində olduğu kimi, gənc və perspektivli futbolçuya üstünlük verilməsinin tərəfdarıdır.
Daha əvvəl “Real”ın yayda müqaviləsinin müddəti başa çatacaq Rüdigerlə yollarını ayırmağı planlaşdırdığı bildirilmişdi. Raul Asensionun komandadan ayrılması da istisna edilmir.