"Biz hər addımın qarşısını almağa hazırıq, İrəvanda olsa, belə"

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın bayrağı yandırıldığına görə idmançılarımız bu ölkəni tərk edərək vətənə qayıdıb. Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az həmin müsahibəni diqqətinizə çatdırır:

- Bayraq namusumuz, qeyrətimiz, şərəfimizdir. Biz hamımız bayrağımız üçün çalışırıq. Bu bayrağa qarşı olan istənilən hərəkət yolverilməzdir. Biz hər addımın qarşısını almağa hazırıq, İrəvanda olsa, belə. Hadisə baş verən anda biz reaksiyamızı göstərdik. Bayrağa qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik. Bizə təhlükəsizlik təminatı verən ölkənin rəhbərinin qarşısında öz qonağının bayrağı yandırılır, ona reaksiya verilmir. Bu barbarlıgı edən şəxsə Ermənistan ictimaiyyətinin münasibəti yaxşı olur. Onu cəzaçəkmə müəssisəsindən buraxırlar. Bu, yolverilməzdir. Biz bunu qəbul edə bilməzdik. Bu, onu göstərir ki, ermənilər hələ də sülh istəmir. Azərbaycana qarşı nifrətləri, fobiyaları var. Ona görə də hadisə baş verən anda biz qərar verdik ki, orada qalmayaq. Dərhal məlumat verdik. Sağolsun dövlətimiz, ilk andan sona kimi yanımızda oldu. Cənab prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyevanın və xalqımızın dəstəyini hiss elədik. Bilirdik ki, Azərbaycan bizim yanımızdadır. Biz getmək qərarı verdik. Baxmayaraq ki, həm onların hakimiyyəti, həm Beynəlxalq Ağır Atletika Federasiyası bizim orada qalmağımızı istəyirdilər. Amma biz bunu qəbul edə bilməzdik. Ona görə də qərar verdik ki, ilk imkandaca Ermənistanı tərk edək. 

- Orada reaksiyalar necə oldu?

- Ancaq Türkiyə yığmasının dəstəyini gördük. Onlarla əlaqədə idik, eyni mərtəbədə qalırdıq. İlk andaca bizə dəstəklərini göstərdilər. 

- Oteldə olduğunuz zaman sizinlə əlaqə yox idi. Həmin an nə baş vermişdi?

- Düşünürəm ki, bu, bilərəkdən edilmiş addım idi. Çünki, bu hadisə baş verən anda internet kəlismişdi. Bizə qəribə gəldi. Yerli televiziyada bayrağın yandırılması epizodu bilərəkdən göstərilməmişdi. Qısa zaman sonra onun sosial şəbəkələrdə yayıldığını gördük. Onda internetin niyə kəsildiyini başa düşdük. 

- Bu hadisəyə qədər üzərinizdə psixoloji təzyiq hiss edirdiniz?

- Yox. Həmin ana kimi bizim idmançılarda heç bir qorxu hissi yox idi. Bizim erməni ictimaiyyəti ilə hər hansı təmasımız olmadı. Tbilisidə bizi qarşı tərəfin təhlükəsizlik orqanları qarşıladılar və İrəvana qədər gətirdilər. Oradan da otelə getdik. İlk günü oteldə qaldıq, çölə çıxmadıq. 14 apreldə cəmi bir dəfə çölə çıxdıq, məşqə getdik. İctimaiyyətlə heç bir əlaqəmiz olmadı. Bayrağımızı ilk kontaktındaca yandırdılar. Düşündük ki, biz olmaya-olmaya bunu edirlərsə... İdmançımızın 19-20 yaşı var. Onlar gənc olmalarına baxmayaraq, Azərbaycanın gələcəyidir. Onların böyük qələbələri qarşıdadır. Düşündük ki, onların psixoloji vəziyyətini nəzərə alaraq geri qayıdaq. Orada qalmağın heç bir əhəmiyyəti yox idi. 

- İdmançılarımızdan qorxmuş olanlar ola bilər?

- Ola bilərlər. Sizə bir faktı deyim. Açılış mərasimindən öncə biz günorta komanda ilə ilk və yeganə məşqə getdik. 4 nəfərlik kiçik bir heyət idik. Belə yarışlardan öncə adətən idmançılar maksimum güclərini qoya bilirlər. Şahidi olduq ki, bizim uşaqlar məşqlərdən daha yaxşısını göstərdilər. Bu, o deməkdir ki, biz yarış vaxtı daha çoxunu edəcəkdik. Həmin vaxt Ermənistan millisi məşq zalına gəldi. Mən belə başa düşdüm ki, bizim idmançıların qızıl medal qazanmaq şansını gördülər. Ola bilər ki, baş vermiş hadisə də buna görə ola bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right