Kateqoriya: Futzal | Tarix: 14.03.2023 12:15
“Əvvəlcə Ağatahir Əzimova Allahdan şəfa diləyirəm. Tez sağalsın, onu gözləyirik. Komanda üzərində əziyyəti böyükdür”. Newsport.az xəbər verir ki, bu sözləri Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına rəhbərlik edən, eləcə də komandanı rəsmi oyunlara çıxaracaq baş məşqçi İlqar Aslanov deyib.
U-17-nin baş məşqçisi İlqar Aslanov, səhhətində problemlər yarandığına görə komandadan ayrı düşən və cərrahiyyə əməliyyatı olunacaq U-19-un baş məşqçisi Ağatahir Əzimovu əvəz edib. Martın 9-dan başlayan təlim-məşq toplanışına rəhbərlik edən təcrübəli mütəxəssis həm sərəncamındakı futzalçıları tanımağa çalışıb, həm də rəsmi oyunlar zamanı istifadə edəcəkləri taktiki gedişlər üzərində çalışıb:
“Toplanış həm komanda, həm də mənim üçün faydalı oldu. Qısa vaxt ərzində həm oyunçuları tanımalı, axsayan tərəflərimizi düzəltməli, həm də istifadə edəcəyimiz taktiki gedişlər və standart vəziyyətlər üzərində işləməli idik. Bir həftəlik təlim-məşq toplanışı bu baxımdan işimizə yaradı. Martın 16-da Azərbaycan kubokunun 1/8 final mərhələsində “Alyans”la qarşılaşacağıq. Bu rəsmi oyunlar öncəsi keçirəcəyimiz sonuncu matç olacaq”.
Baş məşqçi futzalçıların istəkli olduğunu da qeyd edib: “Oyunçular istəklidirlər, həvəslə hazırlaşırlar, verilən tapşırıqları maksimum dərəcədə icra etməyə çalışırlar. Bu yarış onlar üçün ilk beynəlxalq təcrübə olacaq. Əlbəttə, ölkəmizi ən yaxşı tərəfdən təmsil etməyə çalışacağıq. Toplanışa 14-15 futzalçı dəvət etsək də, səfərə onlardan 12-ni – 2 qapıçı, 10 oyunçu - aparacağıq. Artıq seçim etmişik. Yüngül zədəsi olan 1-2 futzalçımız var, onlar da 1-2 məşq buraxacaqlar”.
Aslanov rəqiblər haqda da fikrini bölüşüb: “Rəqiblərimizdən Fransa və Bosniya və Herseqovinanın oyunlarını izləmişik. Hər iki komanda mini-turnirə yaxşı hazırlaşıb, heyətlərində keyfiyyətli futzalçılar yer alıb. Yunanıstan haqda isə hələ kifayət qədər məlumat əldə etməmişik. Amma onlarla sonuncu matçda qarşılaşacağımıza görə, rəqibimizi Bosniya və Herseqovinadakı oyunlar zamanı da izləmək fürsətimiz olacaq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.