“Qapıçımızın təcrübəsiz olması bizi düşündürür”

Cəmi 2 gündən sonra futzal üzrə Yüksək Liqada həlledici mərhələ - pley-off oyunları keçiriləcək. Newsport.az xəbər verir ki, “Araz” (Naxçıvan) finala gedən yolda “Baku Fire” ilə üz-üzə gələcək.

Komandanın baş məşqçisi Joze Alesio Da Silvanı oyundan öncə açıqlama verib:

“Təxminən bir illik fasilədən sonra zalların üzümüzə açılması, çempionatın bərpası, oyunların keçirilməsi müsbət haldır. Buna görə də sevinmək lazımdır. Əlbəttə, işin təşkilati tərəfindən də narazı qala bilmərəm. İstər oyunların keçirilməsi üçün zalların ayrılması, təqvimin müəyyənləşdirilməsi, komandalara yaranan problemlərin dərhal həllində köməkliyin göstərilməsindən məmnunuq. Əsas narahat edən məqam komandaların gözlədiyimdən bir qədər zəif çıxış etməsidir. Düzdür, mövsümə “Record” yaxşı heyətlə başlamışdı. İranlı legionerlərlə “döyüşə” atılan komandanın uğuru uzun çəkmədi və heyəti dağıldı. Hakimlərlə bağlı da işlər görülür, amma bir qədər diqqətli olmalarını arzulayıram. Başa düşürəm, oyun intizamı, qaydaları əsasdır və hər kəs buna riayət etməlidir. Lakin fikrimcə vərəqədən çox istifadə edirlər.

Həlledici raund çox gərgin keçəcək. Çünki çempionatın ən yaxşı iştirakçıları bu mərhələdə gücünü sınayacaq. Əsas mərhələdən fərqli matçlar izləyəcəyik.

Finala gedən yolda rəqibimiz “Baku Fire”dir. Güclü heyətə malikdirlər. Həm təcrübəli, həm də gənc futzalçılarla bizə, “Neftçi”yə, EKOL-a qarşı uğurlu oyunlar keçiriblər. Hörmətlə yanaşırıq. Özlərinin oyun üslubu, intizamı olan komandadır. Çox diqqətli olmalıyıq. Yaxşı təşkilatlanmış bir komanda ilə qarşılaşacağıq.

Heyətimizdə də itkilər var. Əsas qapıçımız, eləcə də heyət oyunçularımızdan biri bizə kömək edə bilməyəcək. Heyətimiz məhduddur. İtkilərin olması da mənfi təsir edəcək. İlk görüşdə gənc qapıçının ümidinə qalacağıq. Elə etməliyik ki, problem yaşamayaq. Müəyyən taktiki gedişlər edəcəyik. Xüsusilə də qapıçımızın təcrübəsiz olması bizi düşündürür. Ancaq heç kimi indidən “Araz”ın finala yüksələcəyini düşünməsin. Hər iki komandanın şansı bərabərdir”.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah