Samir Abasov: "İkinci yer pis nəticə deyil"

"Neftçi" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Qarabağ"a 1:4 hesabı ilə məğlub olub.

Newsport.az-in məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Çox uğurlu mövsüm keçirdilər. Düşünürəm ki, 2-ci yer qoyulan məqsəd idi və futbolçularım ona nail oldular. Futbolçular həddindən artıq təzyiq altında oldular. Özünüz gördüz ki, nə qədər oyuna itkilərlə çıxdıq. Bu gün Eminin, Azərin olmamağı oyunumuza təsir etdi. Soyunub-geyinmə otağında futbolçularımı bu mövsümə görə təbrik etdim. "Qarabağ" kimi komandaya qarşı səhvlər etsən, bu qədər təcrübəsi olan komanda səni bağışlamaz. Gənc futbolçularımız var ki, bu cür oyunlar üçün hələ yetişməyiblər. Amma düşünürəm ki, belə oyunlarla da böyüyəcəklər. "Neftçi"ni təbrik edirəm. Fikirləşirəm ki, 2-ci yer pis nəticə deyil. 

- Mətbuatda belə bir xəbər gedib ki, Emin Mahmudov və Azər Əliyevlə aranızda anlaşılmazlıq olub. Bu barədə nə deyə bilərsiz?

- Bu, ümumiyyətlə reallıq deyil. Haradan qaynaqlandığını yaxşı bilirsiniz. Yaxşı olar ki, bu haqda futbolçuların özlərindən soruşasınız. Onlar mənim xarakterimi çox yaxşı bilirlər. Futbolda və futboldan kənar onlardan nə istədiyimi bilirlər. İkinci yeri tutmağımız bir-birimizin arasında olan yaxşı münasibətdən irəli gəlir. Futbolçularımla aramda heç bir problem olmayıb.

- "Neftçi"də qalacaqsız?

- Bilmirəm. 

- Ötən mövsüm çempion olan komandanın heyəti çox dəyişdi. Bu il necə olacaq?

- Bu, müqaviləsi başa çatan məşqçiyə aid olmayan sualdır. Bundan sonra necə olacağını bilmirəm. Amma bugünkü durumumuzun səbəbi həmin heyəti əlimizdə saxlaya bilməməyimizdi. Bu gün çempion olan heyətdən cəmi 5 futbolçu qalıb. Ötən mövsümkü tempi saxlamağımız mümkünsüz idi. Biz bunu bilirdik. Hər şey fiaskoya getməsin deyə biz məşqçilər komandaya başqa yöndən yanaşdıq. Yaxşı oyunu, kiminsə zövqünü oxşamağı kənara qoyub, nəticələrə kökləndik. Komandanın pis oynamağının da səbəbkarı mənəm. Çünki, mən bunlara bilə-bilə getdim ki, mövsümün sonunda ikinci yeri tutaq.

- Siz 2-ci yerdən razı qalsaz da, azarkeşlər fərqli düşünür. Bununla bağlı fikriniz necədir?

- Azarkeşlər həmişə narazı olmalıdır. Çünki, azarkeş həmişə 1-ci yeri istəməlidir. Bu, onların haqqıdır. Onlarınla danışmışam, nə istədiklərini başa düşmüşəm. Azarkeşlər 1-ci yer istəyir deyə heç kəs onları qınaya bilməz. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right