"Həm Zaqatala, həm də Lənkəranın komandaları Premyer Liqada oynamağa layiqdi"

Premyer Liqanın 26-cı turunun "Qarabağ" - "Zirə" matçından sonra ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

"Bəlkə oyunda sürət görünmürdü. Qarşımızda çox yaxşı müdafiə olunan komanda dayanmışdı. Buna baxmayaraq xeyli sayda qol epizodları yaratdıq. Anar Nəzirov bu gün bəlkə də ən yaxşı oyunlarından birini keçirdi. Heyətdə xeyli dəyişikliklər etmişdik. Bədavi Hüseynov və Xayme Romeroya görə sevinirəm. Uzun müddətdən sonra 70 dəqiqə meydanda oldular. Bu da xoş haldı. Futbolçulardan razı qaldım. Yəqin ki, qalibiyyət üçün ən yaxşısını etməyə çalışdılar. Bəzi futbolçular var idi ki, onlara öz iradlarımı bildirdim. Amma rəqibə imkan vermədik ki, qapımız qarşısında qol epizodu yaratsın. Futbolçular üçün hücum etmək asan deyildi. Maraqlı oyun alındı. Qarşıdakı oyunlara da bəzi rotasiyalar edəcəyik. Final oyununa qədər hər bir futbolçumuzun idman formasını yüksək səviyyədə saxlamağa çalışmalıyıq".

- Çempionluqdan sonra futbolçular oyunlara hazırlamaq çətin olmurki?
- İstək pis deyildi. Dəfələrlə qeyd etmişəm, biz nə qədər desək ki, hazırlayırıq, yaxşıdılar, az da olsa hiss olunur. Qarşıdakı oyunlarda bunların olmamasına çalışacağıq. İstər-istəməz indidən gələcək üçün planlar cızırlar ki, kim harada istirahət edəcək, hara gedəcək. Buna baxmayaraq, onlarla daha da ciddi rəftar edirəm. Tələblərim daha da yüksəkdi. Çempion olduqdan sonra bəlkə 2-3 gün həmin emosiyaları qoruyub-saxlaya bilməyiblər, 1-2 günə toparlanmaq çətindi. Ümumi göstəricilərə də baxdıq, dinamik oyun oldu.

- Premyer Liqaya Qərb bölgəsindən iki komanda gəldi. Halbuki onlardan birinin əvəzinə "Xan Lənkəran" və ya "Zaqatala" çempionata buraxıla bilərdi. Bu siyahıda "Zaqatala"nı görməmək və ya Qərb bölgəsindən iki komandanı görməyi necə qarşıladınız?
​- O dəfə də dedim ki, həmin qərarlara fikir bildirmək istəmirəm. Mənim üçün Zaqatala da eynidi, Lənkəran da. Hər iki şəhərin komandaları Premyer Liqada oynamağa layiqdi. Hər ikisinin futbol ənənələri var. "Xəzər Lənkəran"la Lənkərandakı oyunlara başqa cür hazırlaşdığımı 7-8 il əvvəlki müsahibələrimdə də demişəm. Həmin stadionda futbolçular özlərini böyük oyundakı kimi hiss edirdilər. 10-12 min azarkeş dəstəyi olan komandaya qarşı oynamaq elə də asan deyil. Heç birini bir-birindən ayırmıram. İndi belə qərar veriblər. Amma təkcə saya yox, keyfiyyətə də fikir vermək lazımdı. Keyfiyyət çox vacibdi. Həm oyunçu, həm komanda, hək stadionların keyfiyyəti də nəzərə alınmalıdı. Burada hər şey böyük rol oynayır. İndi belə addım atıldı, gözləyək görək necə olacaq. Özüm "Turan"da oynamışam, Tovuzun futbol ənənəsi var. Gəncə haqda danışmağa ehtiyac yoxdu. Azərbaycana ən çox futbolçu verən bölgələrdən olub. Azarkeş sayına görə də həmişə üstün idilər. Bu cür şəhərlərimizdə futbolun olması sevindiricidi. Digər şəhərləri də yaddan çıxarmalı deyilik. Mənim üçün Zaqatala və Lənkəran eynidi. Çoxdandır ki, Tovuzda, Gəncədə oyun oynamamışıq. Mənim üçün bu şəhərlərə getmək çox xoş olacaq. Yəqin ki, köhnə tanışlarımı da görəcəm, futbol ənənələrini yenidən yada salacam. 

- Bu gün meydana ehtiyat qüvvə ilə çıxdınız. Onlardan gözlədiyinizi ala bildiniz?
- İlk dəfə deyildi ki, bu heyətlə oynayırdıq. Mövsüm ərzində bu heyətlə oyunlara çıxmışıq və çox da yaxşı oynamışıq, qələbələrimiz də olub. Bugünkü heyətə daim güvənmişik. Futbolçuların hər biri də əsas oyunçularımızdandı. Xayme Romero və Bədavi Hüseynovun durumu məlumdu, onlardan maksimum oyun gözləyə bilməzdim. Digərləri hamısı oynayıb. Sadəcə olaraq, 3-4 matç birlikdə oynamayanda ritmi tutmaq çətinləşir. Amma bugünkü heyət sırf çempionluqdan sonrakı oyuna görə yığılmamışdı. Biz 4-5 oyun sıx qrafikdə oynadıq. "Sabah"la matçdakı yorğunçuluq hiss edilmişdi. Abdulla Zubir elə də yorulan oyunçu deyil, amma əzələlərində tutulma var idi. Kadi Borges, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, İbrahima Vadji də eyni qaydada. Son oyun da olsaydı, bu addımı atacaqdıq. Çünki bizə meydanda aktiv olan futbolçular lazım idi. Digər futbolçuları meydana buraxsaydım bəlkə də onların ən zəif oyunlarından biri olacaqdı. Həkimlərlə məsləhət edirik, görünən budu ki, son oyunlardan özlərinə tam gəlməyiblər. "Zirə"yə qarşı oynayan futbolçular üçün elə bir şans deyildi ki, özlərini göstərsinlər. Onsuzda hər bir futbolçunu tanıyıram. Hər biri də əsas oyunçularımızdan biridi. Hər birinə güvənib, inanıram.

- Rüstəm Əhmədzadənin hazırki durumu nə yerdədi? 
- İndi də zədəlidi. Beş-altı gün idi ki, məşq etmirdi, iki gün əvvəl fərdi məşqlərə başlayıb. Zədə olmasaydı, bu gün və qarşıdakı matçlarda da onu görmək olardı. Belə fikrim var idi. Allah qoysa, qarşıdakı matçlarda xeyli şansı olacaq. Gələn həftədən komandaya qoşulub, kollektiv məşqlərdə iştirak etməlidi. Qarşıdakı matçlarda ondan istifadə edəcəyik.

- Riçard Almeyda və Xayme Romeronun komandada qalmaq perspektivini necə görürsünüz?
- Hələ ki, vaxtımız var. Proqram haqda düşünməyə başlamışam, yazıram. Qərarlarımı sonda verəcəm.

- "Qarabağ"ın uğurlarında ispan futbolçuların önəmi çox olub. İspaniyadakı axtarışlarınız davam edir?
- Daim axtarışdayıq. Bir neçə ölkə var ki, ora daha çox diqqət ayırırıq. Onlardan biri də İspaniyadı. Qarşımıza düşündüyümüz tipdə futbolçu çıxsa, xoş olardı. Amma hər bir halda maksimum keyfiyyətli olmurlar. Bəzən düşündüyümüzün əksi olur.

- Çempionatdakı son oyununuz "Neftçi"yə qarşı olacaq. Yəqin ki, medallar da bu oyundan sonra veriləcək. Bu barədə fikriniz necədi?
- Medalların nə vaxt verilməsilə bağlı hələ ki, bizə bir söz deyilməyib. Böyük ehtimalla elə olacaq. Çünki əvvəl də son oyundan sonra veriblər. Yəqin ki, turnir cədvəlindəki yerlərin bilinməsini gözləyəcəklər. Hər halda ondan sonra qəti qərar verəcəklər. "Neftçi" ilə oyunda rotasiyaların olacağına gəlincə, tam hazır olanları meydana buraxacağıq. Çünki kubokun final matçı da bizim üçün vacibdi. Hər bir halda həmin gün ən yaxşı heyəti buraxmağa çalışacağıq. Nə də olsa, azarkeşlər bu oyuna xüsusi diqqət ayırırlar. İstəyirik ki, hər iki komandanın fanatları bu oyundan həzz alsın. Qarşıda hələ oyunlarımız var.

- Musa Qurbanlını Avropadan istəyən klubların olduğu deyilir. Rəsmi təklif gələrsə, gedişinə razılıq verəcəksiniz?
- Hardandı ki, bu xəbərlər?(gülür). Mənim heç xəbərim yoxdu. Dəfələrlə demişəm ki, mənim üçün bu komandada hər bir futbolçu Musa ilə eynidi. Heç bir futbolçunu bir-birindən ayırmaq istəmirəm. O, evdə oğlumdu. İşdə isə digər futbolçularım kimidi. Məncə, elə bir təklif yoxdu. Nə mənə, nə kluba təklif gəlib. İnanmıram ki, hazırda da belə təklif olsun. Təklif gəlsə, məlumat verəcəyik. Olmayan bir şey haqda fikir bildirmək düzgün çıxmaz.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right