Tədbirdə assosiasiya rəsmiləri, Regional Futbol Federasiyalarının prezidentləri və nümayəndələri iştirak ediblər.
Görüşün əsas məqsədi AFFA Region Liqasının 2026/2027-ci illər mövsümünün yeni formatının təqdimatı və qarşıda duran hədəflərin müzakirəsi olub. Tədbiri giriş sözü ilə açan baş katib Cahangir Fərəcullayev regionlarda futbolun kütləviliyinin artırılması və Region Liqasının keyfiyyət etibarılə yeni mərhələyə qaldırılmasının AFFA-nın prioritet hədəflərindən biri olduğunu vurğulayıb. Daha sonra yeni mövsümün reqlamenti, komandaların qruplaşdırılması və təqvimlə bağlı ətraflı təqdimat nümayiş olunub.
Təqdimatın ardınca regional federasiya rəsmilərinin iştirakı ilə geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ötən mövsümlərdə qarşıya çıxan təşkilati və infrastruktur problemləri, hakimlərin idarəçiliyi, klubların qeydiyyatı prosesində yaşanan çətinliklər xüsusi diqqət mərkəzində olub. Regional federasiya prezidentləri öz bölgələrindəki mövcud vəziyyət barədə məlumat verərək, turnirin daha hamar və peşəkar təşkili üçün təkliflərini səsləndiriblər.
Baş katib və assosiasiya rəsmiləri qaldırılan problemlərin həlli istiqamətində AFFA-nın dəstəyini əsirgəməyəcəyini bildiriblər. Maddi-texniki bazanın gücləndirilməsi, regionlarda futbol infrastrukturunun yaxşılaşdırılması və qarşıya çıxan çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün konkret fəaliyyət planının hazırlanması qərara alınıb.
Tədbirin sonunda qarşıdan gələn mövsümdə bütün iştirakçılara uğurlar arzulanıb və Region Liqasının ölkə futbolunun inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.