Böyük ayıb KÖŞƏ

Lap nağıllarda olduğu kimidi. Bir zamanlar Azərbaycan futbolunun “Böyük oyun”u var idi. Həmin oyun ətrafında ehtiraslar qızışır, azarkeşlər fantaziyalarını işə salıb, tribunalardan ən orijinal pankart asmaqla rəqib düşərgəni daha kəskin və ağrıdıcı “iynəylə” sancmaq üçün yarışa girərdilər. Komandaların turnir cədvəlindəki mövqeyi belə unudulardı, çalışdırıcılar hər şeyi bir kənara qoyub, “Böyük oyun”un qalibi olmaq üçün həyəcan keçirir, baş sındırırdılar. Futbolçular da “Böyük oyun”un qəhrəmanı olmaq arzusuyla qan-tər tökür, əldən-ayaqdan gedirdilər. Hələ onlar bir tərəfə, “Böyük oyun”da hakimlik etmək əsl hünər tələb edirdi. “Böyük oyun” yaxınlaşdıqca hakimlər Allaha yalvarır, “nə olaydı, Xəqani Məmmədov məni odun içinə atmayaydı, turun rahat oyunlarından birinə gedəydim, yolumu “Neftçi”-“Xəzər Lənkəran” qarşılaşmasından salmayaydılar” deyərək, dua edirdilər. Bu əsl imtahan idi. Elə biz jurnalistlər də öz aramızda yarışa çıxardıq. Hər kəs bu oyun ətrafında yazmağa çalışardı. Kimisi təhlil edir, komandaların müqayisəsini aparardı. Başqa birisi məşqçilərə məsləhət verər, hansı taktiki düzlüşün kimə uğur gətirəcəyindən yazardı. Emosiyaları alovlandırmaq üçün eksklüziv açıqlama hayında olanlar, azarkeşlərə tribuna verənlər də vardı. Bəli, bütün bu sadaladıqlarım hamısı keçmiş zamanda idi. Təəssüflər olsun ki, bu gün “Böyük oyun”un varlığından keçmiş zamanda danışmağa məcburuq. Azərbaycan futbolu “Böyük oyun” adlanan imtahandan çıxmağı bacarmadı. Onun böyüklüyünün altında qaldı, suyu çıxana qədər əzildi. Futbolu idarə etmək təkcə kabinetlərdə oturub, qərar vermək deyil. Oğul istəyirdim ölkə kubokunun finalında yaşananlardan sonra gərəkən addımları atıb, günahkarların cəzalandırılmasına nail olaydı. Başbilən ona deyərdim ki, cənublu fanatların aşıb-daşan əsəbini boğmaq üçün zəruri addımlar ataydı, müdriklik edib, bakılı və lənkəranlı fanatlar arasında yaranmış ədavətin əndazəsindən çıxmasının qarşısını alaydı. Müdrik adam ona deyərdim ki, təxribata imkan vermədən ötən ilin avqustunda Lənkəranda yaşanan olayları önləyər, təxribat olmasın deyə paytaxtdan gedən azarkeşlərin “Fırtınalar meydanı”na girişinə imkan verməzdi. Bunların heç birisini edə bilmədilər. Kubokun finalında yaşananlardan sonra heç kimin cəzalandırılmaması Lənkəranda partlaq verdi. Yıxılan, döyülən, söyülən, cəza alıb, həbsə düşən yenə kasıb-kusubun uşağı oldu. Artıq bir ildən çoxdu ki, cavan ömrünü həbsxana divarları arasında çürüdənlər var. AFFA-da oturan başbilənlər də o gün, bu gündü “adam yoxdu, problem də yoxdu” prinsipinə əsaslanaraq “Neftçi” və “Xəzər Lənkəran” komandalarının qarşılaşmasına rəqib azarkeşlərin girişinə qadağa qoyub. Bununla da “Böyük oyun”u səssiz və mənasız tamaşaya çeviriblər. İş o yerə çatıb ki, “Neftçi”-“Xəzər Lənkəran” qarşılaşmasını artıq televiziya vasitəsiylə göstərilməməsi belə heç kimin vecinə deyil. Keçən il verdikləri mənasız qərarla iki klub azarkeşlərinin düşmənçiliyini daha da dərinləşdirən AFFA-dakı “müdrik” insanlar bu gün öz mövqelərində qaldıqlarını bir daha bəyan etdilər. Ötən müddət ərzində futbol ictimayyəti, AFFA və klubların rəhbərliyi səylərini birləşdirib Eliko və onunla birlikdə həbs olunan fanatların azadlığa çıxmasına nail ola bilməzdilərmi? Bundan sonra hər iki tərəfin nümayəndələrini mətbuatın da dəstəyi ilə bir araya gətirib, barışıq əldə etmək, “Böyük oyun”un bəzəyi olan azarkeşləri tribunaya qaytarmaq da çətin olmazdı. Belədə iki komandanın tərəfdarları arasında düşmənçiliyə də son qoyular, məhbusların gözü yolda qalan yaxınları, ailə üzvləri sevinər, mənasız gərginlik də bitərdi. Onlar bunu edə bilərdilər. Qadağalar tətbiq etmək, insanları üz-üzə qoymaq hünər tələb eləmir. Hünəriniz vardı, problemin həlli üçün cəhd edəydiz, günahsız futbol məhbuslarının azadlığına nail olaydız. Etmədiniz, etmək istəmədiniz. Hamınız günahkarsız. Sözüm sizədi: AFFA-nın “müdrik” başbilənləri, azarkeşlərinin arxasında durmağı bacarmayan “Neftçi” və “Xəzər Lənkəran” rəhbərliyi. Sayənizdə “Böyük oyun” Azərbaycan futbolunun böyük ayıbına çevrilib. Hamınıza ayıb olsun!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right