Polşa millisinin sabiq futbolçusu Yakub Vavjinyak Çempionlar Liqasının “Legiya” – Dinamo” (0:1) oyunu haqda danışarkən millimizin forvardı Mahir Emrelinin çıxışı barədə fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, 2007-2013-cü illər arasında Varşava klubunun formasını geyinmiş veteran futbolçu Emrelinin oyunu haqda danışarkən, onun "Dinamo" ilə cavab qarşılaşmasında bəzi epizodlarda istəksiz göründüyünü də söyləyib:
“Filip Mladenoviç praktiki olaraq cinahlardan cərimə meydançasına tərəf sürətli asmalar edir. İkinci yarıda o, cərimə meydançasında yer alan Mahir Emreliyə ötürmə verdi. Amma azərbaycanlı futbolçuda nə qərarlılıq, nə də istək var idi.
O, topa zərbə vuraraq, qapıçı ilə birlikdə tora daxil olmalı idi. “Legiya”nın hücumçuları haqda ümumi nə demək olar? Rafa Lopez və Mahir Emreli “Dinamo”ya qarşı oyunun böyük hissəsində meydanda oldu. Onları Tomaş Pekxart və Ernest Muçi ilə müqayisə edəndə daha pis təsir bağışladılar. Pekxart “Legiya”nın oyunları daha çox asmalara keçəndə meydanda daxil oldu. O, özünü cərimə meydançasında əla hiss edir.
Lopezlə bağlı təəssüratım belədi ki, xorvatlarla matçda o meydanda özünə boş zona axtarırdı. Emreli isə onunla necə anlaşacağını bilmirdi. “Dinamo” kimi yaxşı rəqiblərlə oyunda bizə daha çox fərqlənə biləcək oyunçular lazım idi. Adətən bu cür hücumameyilli futbolçular “Legia”nı pley-off mərhələsinə çıxara bilərdi”.