Almaniyalı ulduz son günlər "Bavariya"dan ayrılacağı ilə bağlı yayılan xəbərlərdən narahatdır.
Newsport.az saytının məlumatına görə, "Sportbild" jurnalına açıqlama verən təcrübəli futbolçu başqa komandaya getmək haqda heç vaxt düşünmədiyini bildirib. Bir neçə klubun onunla maraqlandığını inkar etməyən 24 yaşlı gənc hücumçu açıqlamasında "Mançester" klubunun onu transfer etmək istəməsini də etiraf edib:
"Transfer olsam nəzəri olaraq daha çox pul qazanacağımı bilirəm. Xarici klublar astronomik məbləğ təklif edirlər. Bu haqda bunu deyə bilərəm ki, hal-hazırda transfer haqda fikirləşmirəm. "Bavariya" mənim klubumdur və mən bu kluba aidəm".
Xatırladaq ki, Cənubi Afrikada təşkil olunan 2010 Dünya Çempionatında parlayan gənc hücumçu vurduğu 5 qolla bombardir olmuşdu. Braziliyadakı son Dünya Çempionatında da 5 qol vuraraq komandasına dünya çempionu olmasında kömək etmişdi.
Qeyd edək ki, Tomas Müller "Bavariya" klubu ilə olan müqaviləsini bu mövsümün əvvəlində 2019-cu ilə qədər uzatmışdı.