Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’O 2023-cü ildə Rusiya və Kamerun milliləri arasında keçirilmiş yoldaşlıq oyunundan əldə olunan vəsaitin mənimsənilməsində şübhəli bilinir.
“The Times”ın əldə etdiyi sənədlərə görə, federasiya Rusiya Futbol İttifaqından ümumilikdə 567 min 570 avronun Eto’Onun Qətərdəki şəxsi bank hesabına köçürülməsini tələb edib. Keçmiş federasiya rəsmiləri və icraiyyə komitəsinin sabiq üzvü Gibai Qatama bildirirlər ki, həmin pulların sonrakı taleyi məlum deyil və onların federasiyanın rəsmi maliyyə hesabatlarında əks olunmasına dair sübut yoxdur.
Qatama bu məsələ ilə bağlı bir ildən çox əvvəl FIFA-nın Etika Komitəsinə şikayət etdiklərini, lakin hələ cavab almadıqlarını deyir. O, Eto’O-nun FIFA prezidenti Canni İnfantino ilə yaxın münasibətlərinin onun qorunduğu barədə şübhələr yaratdığını iddia edir. FIFA isə ittihamları rədd edərək, qurumun məhkəmə və etik orqanlarının müstəqil olduğunu bildirib.