Braziliya çempionatının 20-ci turunun "Santos" və "Şapekoense" arasında 2:2 hesabı ilə başa çatan matçdan sonra Neymarın komanda yoldaşları ilə sərt söhbət etdiyi bildirilir.
Newsport.az "Globo" nəşrinə istinadən xəbər verir ki, fasilə zamanı və final fitindən sonra təcrübəli vinger gənc futbolçular Qabriel Bontempo və Joau Ananias ilə mübahisə edib. Neymar 21 yaşlı Bontempoya onun "Şapekoense" ilə birlikdə B Seriyasında oynayacağını bildirib, 19 yaşlı Ananiasın isə avtoqoldan sonra hazırlıq səviyyəsinin yetərli olmadığını tənqid edib.
Bildirilir ki, bu cür davranış məşqçilər korpusu, futbolçular və "Santos"un digər işçiləri tərəfindən bəyənilməyib. Eyni zamanda, oyunçuların özləri mətbuat xidməti vasitəsilə soyunub-geyinmə otağında təhqirlər olmadan adi emosional söhbətin baş tutduğuna əmin ediblər.
Lakin "Globo"nun məlumatına görə, Neymar ilə komandanın bir qrupu arasında gərginlik artıq uzun müddətdir ki, mövcuddur. Nəşr iddia edir ki, bəzi futbolçular uğursuz nəticələrdən sonra 34 yaşlı yoldaşılarının davamlı tənqidlərindən narazıdırlar. Əvvəllər Neymarı kumiri hesab edən ayrı-ayrı gənc oyunçular isə ona qarşı münasibətlərini dəyişiblər.
Neymar "Şapekoense"yə qarşı matçda dublla yadda qalıb. O, hesabı açıb və 89-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.