FİFA 2026-cı il dünya çempionatında futbolçuları iştirak etmiş klublara ümumilikdə 305,3 milyon avro təzminat ödəyəcək.
Newsport.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Bildirilib ki, ödənişlər FİFA-nın Klublara Təzminat Proqramı çərçivəsində həyata keçiriləcək. Təzminat futbolçunun 2026-cı il iyunun 1-dən iyulun 19-dək milli komandanın düşərgəsində keçirdiyi hər gün üçün hesablanacaq və gündəlik 4300 avro təşkil edəcək. Əgər futbolçu son iki mövsümdə klubunu dəyişibsə, məbləğ çıxış etdiyi bütün komandalar arasında bölüşdürüləcək.
Ən yüksək təzminatı 3,08 milyon avro ilə "Mançester Siti" alacaq. İlk üçlükdə həmçinin PSJ (2,49 milyon avro) və "Arsenal" (2,41 milyon avro) qərarlaşıb.
Sonrakı yerlərdə "Bavariya" (2,30 milyon avro), "Barselona" (2,20 milyon avro), "Çelsi" (2,11 milyon avro), "Kristal Pelas" (2,00 milyon avro), "Atletiko" (1,93 milyon avro), "Mançester Yunayted" (1,86 milyon avro) və "Real" (1,78 milyon avro) qərarlaşıb.
"Mançester Siti" mundiala 19 futbolçu göndərdiyi üçün reytinqə başçılıq edir. "Bavariya" 18, PSJ və "Arsenal" isə hərəyə 16 futbolçu ilə turnirdə təmsil olunub.
Milli çempionatlar arasında isə ən böyük təzminatı İngiltərə Premyer Liqası təmsilçiləri alacaq – 26,28 milyon avro. İlk beşlikdə həmçinin Bundesliqa (13,26 milyon avro), La Liqa (12,17 milyon avro), Liqa 1 (11,80 milyon avro) və A Seriyası (10,56 milyon avro) qərarlaşıb.