Rusiya futbolunda qalmaqal: Sabiq klub rəhbəri həbs edildi

Moskvanın Simonovski Məhkəməsi Moskvanın "Torpedo" futbol klubunun sabiq baş direktoru Valeri Skorodumovu 2 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edib. Məhkum olunmuş şəxsə həmçinin 3 il müddətinə idman fəaliyyəti ilə məşğul olmaq qadağan edilib, Rusiya Futbol İttifaqının İntizam Komitəsinin qərarı ilə isə o, 10 il müddətinə futboldan uzaqlaşdırılıb.

Newsport.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları və yerli idman nəşrləri məlumat yayıb.

Bildirilir ki, məhkəmə işi rəsmi idman yarışlarının nəticələrinə qanunsuz təsir göstərmə maddəsi ilə xüsusi qaydada araşdırılıb. Skorodumov günahını tamamilə etiraf edərək istintaqla razılığa gəlib.

İstintaq müəyyən edib ki, sabiq baş direktor klubun həmtəsisçisi Leonid Sobolev ilə əlbir olaraq, "Torpedo"nun Rusiya Premyer Liqasına yüksəlməsini təmin etmək üçün hakimlərin satın alınması sistemini qurub. Moskva klubunun rəhbərliyi I Liqada ümumilikdə 20 matçın nəticəsinə qanunsuz təsir göstərib ki, bunlardan 17-də hakimlərin pulla ələ alınması komandaya qələbə qazandırıb.

Skorodumov şəxsən və ya vasitəçilər vasitəsilə 13 futbol hakimini rüşvətlə ələ alıb. Görüşlərin istənilən nəticəsi üçün referilər 500 min ilə 3 milyon rubl arasında məbləğ əldə ediblər. Penalti təyini və ya rəqib oyunçuların meydandan qovulmasına görə isə 250 mindən 500 min rubla qədər əlavə bonuslar ödənilib.

Bu qalmaqallı araşdırmanın nəticəsi olaraq, idman prinsiplərinə əsasən Premyer Liqada oynamaq hüququ qazanmış Moskva "Torpedo"su turnirdən kənarlaşdırılıb. İdman rəhbərliyinin qərarı ilə futbol klubu 5 milyon rubl məbləğində cərimələnib və yenidən I Liqaya göndərilib.

Skorodumov isə təcridxanada və ev həbsində keçirdiyi müddət nəzərə alınmaqla, yaxın vaxtlarda şərti azadlığa buraxılmaq üçün müraciət etmək hüququ qazanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right