PSJ 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Adam Ayari ilə ilk peşəkar müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
Klubun yetirməsi olan futbolçu ilə 2029-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə bağlanıb.
Ayari 6 yaşından PSJ-nin akademiyasındadır. O, ötən mövsüm U-19 komandasında keçirdiyi 20 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə verib və komandası ilə ardıcıl ikinci dəfə Fransa gənclər çempionluğunu qazanıb.
18 yaşlı yarımmüdafiəçi, həmçinin PSJ-yə 35 ildən sonra ilk dəfə Qambardella Kubokunu qazanmağa kömək edib. O, turnirin 6 matçında 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ayari UEFA Gənclər Liqasında isə 5 dəfə fərqlənib.
Qeyd edək ki, Adam Ayari Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında ümumilikdə 18 oyuna çıxıb və 3 qol vurub. Hazırda o, Fransanın U-19 millisinin üzvüdür.