İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen DÇ-2026-nın 1/8 finalında Meksika yığması üzərində qazanılan 3:2 hesablı qələbəni dəyərləndirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə yığmasının xarakter nümayiş etdirməsinin təqdirəlayiq olduğunu bildirsə də, bunun komandanın keyfiyyətli futbol oynadığı anlamına gəlmədiyini söyləyib:
“Hamı İngiltərə millisinin cəsarətindən danışır və bunun səbəbini başa düşürəm. Komanda ikinci hissənin böyük bölümünü azlıqda keçirdi, birlik nümayiş etdirdi və çətin vəziyyətdən çıxdı. Bu, xarakter tələb edir və azarkeşlərin fəxr etməyə haqqı var. Amma məncə, futbolda əsl cəsarəti yanlış anlayırıq. Zərbələrin qarşısına atılmağı qəhrəmanlıq kimi təqdim edirlər. Halbuki əsl cəsarət topu qəbul etmək, 80 min azarkeşin təzyiqi altında məsuliyyəti üzərinə götürmək, komanda yoldaşın çətinlik çəkəndə ondan top istəmək və risk etməkdir. İngiltərə millisi dünya çempionu olmaq istəyirsə, məhz belə cəsarətə ehtiyac duyur.
Bu qarşılaşmanı İngiltərə millisinin ən möhtəşəm oyunu sayanları eşidəndə təəccübləndim. Mən bunu ən möhtəşəm axşamlardan biri adlandıra bilərəm, amma dramatizm başqa şeydir, keyfiyyət isə tamam başqa”.
İngiltərə millisi DÇ-2026-nın 1/4 final mərhələsində Norveç yığması ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti iyulun 12-də, saat 01:00-da səslənəcək.