Kişi şahmatçılardan ibarət Azərbaycan yığması İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti görüşünü keçirib.
Newsport.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu - V turunda İsraillə üz-üzə gəlib.
Şəhriyar Məmmədyarovla Qədir Hüseynov qələbə qazanıb. Teymur Rəcəbov məğlub olduğu halda Rauf Məmmədov heç-heçə oynayıb. Yekun hesabda İsrail komandasını 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi 1/4 finala yüksəlib.
Azərbaycan millisi bu mərhələdə İspaniya kollektivi ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.