Azərbaycanda yeni klub yaradılıb

Azərbaycanda yeni voleybol klubu yaradılıb.
 
Newsport.az-ın məlumatına görə, yalnız debüt mövsümündə kişilərdən ibarət olacaq komanda “Xarı bülbül” adı altında fəaliyyət göstərəcək.
 
Yeni komandanın hədəfi Vətən Müharibəsinin simvoluna çevrilmiş xarı bülbülü beynəlxalq arenada tanıtmaq, Azərbaycanı layiqincə təmsil etmək, bu adın idman dünyasında mümkün qədər populyarlaşmasına töhfə verməkdir. “Xarı bülbül” artıq bu məqsədlə yeni mövsümdən uzun marafona start verəcək. Klub öncə Azərbaycan Yüksək Liqasında, ardınca avrokuboklarda özünü doğrultmağa çalışacaq. “Xarı bülbül”ün gələcək planlarına qadın voleybolçulardan ibarət komanda formalaşdırmaq, dünyasəviyyəli kluba çevrilmək də daxildir.
 
Nəfis tərtibatda hazırlanan komandanın emblemində Azərbaycan bayrağının rəngləri və xarı bülbüllə yanaşı, II Qarabağ Müharibəsi şəhidlərinin sayı qeyd edilib. “Xarı bülbül”un prezidenti Fatimə Hacıyeva olacaq. Tibb üzrə fəlsəfə doktoru, dosent Azərbaycan voleybol tarixinə ilk qadın rəhbər kimi düşəcək. Komandanın təsisçisi isə beynəlxalq idman agenti, ölkənin ilk və yeganə idman brendi İl`Azeronun sahibi, eyni zamanda klubda oynayacaq İlqar İmamquliyevdir.
 
Qeyd edək ki, “Xarı bülbül” artıq yeni mövsüm üçün transfer çalışmalarına da start verib. Komandanın məqsədi debüt mövsümündə çempion olmaqdır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right